“Kristofer Smitin anti-Azərbaycan təşəbbüslərinin sayı-hesabı yoxdur. Mən bununla bağlı mətbuatda da çıxış etmişəm. Düşünürük ki, ABŞ-ın maraqlarının, Azərbaycanla münasibətlərinin, tərəfdaşlığının əhəmiyyətini dəyərləndirən konqresmenlər bu layihəni dəstəkləməyəcək və o sənəd K.Smitin təşəbbüsü olaraq da qalacaq”.
Aktual.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri dekabrın 25-də jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov, həmçinin bildirib ki, Azərbaycanın Milli Məclisinə təqdim olunan layihəyə də bizim münasibətimiz ABŞ-dakı bir konqresmenin təşəbbüsü kimidir:
“Yəni, hər bir deputat təşəbbüs irəli sürə bilər. Amma parlamentlərin bunu qəbul etməsi mühüm müzakirələrdən sonra olmalıdır və deputatlar bu təşəbbüslərin iki dövlətə verə biləcəyi xeyri, vura biləcəyi ziyanı dəyərləndirməlidirlər. Ondan sonra münasibət bildirməlidirlər. Ona görə də, istər ABŞ-dakı anti-Azərbaycan layihəsinə, istərsə də Azərbaycandakı anti-Amerika layihəsinə bizim hakimiyyətin münasibəti eynidir”.
ABŞ ilə Azərbaycan arasındakı mövcud münasibətlərə toxunan Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi diqqətə çatdırıb ki, son zamanlar Birləşmiş Ştatlar ilə respublikamız arasındakı səfərlərin və qarşılıqlı ünsiyyətin sayı müəyyən qədər azalıb. Amma buna baxmayaraq, münasibətlər davam edir. Bu yaxınlarda ABŞ-ın böyük nümayəndə heyəti Azərbaycana gəlmişdi. O cümlədən, səfirliklər, Xarici İşlər nazirlikləri, təhlükəsizlik qurumları çərçivəsində və digər sahələrdə ABŞ ilə Azərbaycan arasında münasibətlər davam etdirilir. ABŞ-Azərbaycan münasibətləri təhlükəsizlik sahəsində strateji xarakter daşıyır, enerji, demokratiya və insan hüquqları sahələrində əməkdaşlığı əhatə edir. Əlbəttə, əvvəlki intensiv münasibətlər yoxdur, amma əlaqələr var, düşünürəm ki, kifayət səviyyədə davam edir.
Əli Həsənov ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nulandın Azərbaycan ilə ABŞ arasında demokratiya və insan hüquqları ilə bağlı dövlətlərarası komissiyanın yaradılmasına dair fikirlərinə münasibət bildirərkən deyib ki, hazırda bu istiqamətdə danışıqlar getmir. Həmin səfərdən sonra müəyyən təşəbbüslər olsa da, onlar sonradan dayandırıldı.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının hazırladığı siyahıya münasibət bildirən Əli Həsənov qeyd edib ki, bu siyahı üzərində bir ay ərzində işlənilib və siyahı kifayət qədər genişdir
Aktual.az