ABŞ Bakını dəstəkləyəcək, təcili qərar... - Surenyants

ABŞ Bakını dəstəkləyəcək, təcili qərar... - Surenyants

Ermənistan hakimiyyəti Qərbin, xüsusilə ABŞ-ın təhlükəsizliyin təmin edilməsi ilə bağlı dəstəyinə dair illüziyalarda yaşamağa davam edir və bu illüziyalar onu yenidən yanıltmaq təhlükəsi yaradır.
Aktual.az xəbər verir ki, bu fikri eməni politoloq Suren Surenyants bildirib.
Ekspertin fikrincə, son illərdə Ermənistan rəhbərliyi bir neçə dəfə düzgün olmayan oyunçular seçib və bu, ağır nəticələrə gətirib çıxarıb:
"ABŞ-ın yenidən məyus edə biləcəyi ilə bağlı nüfuzlu Amerika beyin mərkəzləri, o cümlədən "Stratfor” da yazır. Adıçəkilən nüfuzlu analitik mərkəz (ekspert dairələrində tez-tez "kölgə MKİ” adlandırılır) Cənubi Qafqazda gələcək qüvvələr nisbəti kontekstində qeyd edib ki, Ermənistanın ABŞ-dan güclü dəstək almaq cəhdləri uğursuz olacaq. Çünki Tramp administrasiyası Rusiyanın, İranın və Çinin regional təsirinə qarşı balans yaratmaq üçün Bakı ilə möhkəm münasibətlərə üstünlük verir”.
Surenyantsın fikrincə, Tramp seçilməsəydi belə, ABŞ-ın Türkiyə və Azərbaycana qarşı Ermənistanı dəstəkləmək üçün heç bir strateji marağı yoxdur:
"Ankara və Bakı Qərbin Rusiyanın və İranın təsirini zəiflətmək üçün əsas müttəfiqləridir və bu baxımdan "Stratfor”un qiymətləndirmələri kifayət qədər obyektivdir. Başqa məsələ odur ki, Ermənistan hakimiyyəti bunu ya dərk etmir, ya da dərk etmək istəmir, bu isə keçmişdə dəfələrlə uğursuzluqlara və faciələrə səbəb olub.
Mən deyə bilmirəm, Nikol Paşinyan bu qəribə qərbli tərəfdaşlarla yaxınlaşma kursunu davam etdirərkən hansı hesablamalar və məntiq ilə hərəkət edir. Çox güman ki, heç bir məntiq yoxdur. O, istədiyini reallıq kimi təqdim etməyə çalışır”.
Ekspert diqqəti ona yönəldib ki, Ermənistan hakimiyyəti bir dəfə artıq böyük bir səhvə yol verib:
"Bu, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatının bəzi epizodlarından tələsik nəticələr çıxarılması və qərbli tərəfdaşlara ümid etməsindən qaynaqlanırdı. Beləliklə, 2022-ci ilin mart-aprel aylarında Rusiyanın müəyyən çətinlikləri və Kiyev, Çerniqov yaxınlığından qoşunlarını geri çəkməsi fonunda İrəvan Moskvanın artıq Cənubi Qafqazda ciddi bir faktor olmadığını düşünərək, Azərbaycanla danışıqlar üçün Qərb platformalarına üstünlük verdi. Bu səhv, nəticədə Qarabağın itirilməsinə və "etnik təmizləmələrə” səbəb oldu.
Bəlkə də indi Ermənistan hakimiyyət dairələri eyni dərəcədə səhv nəticələrə gəlir. Bu, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsi fonunda baş verir. Əslində Kursk məsələsi çox lokal xarakter daşıyır və ümumi hərbi əməliyyatlara təsir etmir. Rusiyanın regional təsirini gözardı etməyə davam etmək isə çox təhlükəlidir”.
Surenyants Bakı ilə danışıqlarda İrəvanı 2020-ci ilin noyabrında Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli bəyanata qayıtmağa çağırıb:
"Son illərin hadisələri göstərdi ki, üçtərəfli bəyanat Ermənistan üçün ən az riskli variantdır. Danışıqlar və qərarlar prosesində bəzi çətinliklər olsa belə, üçtərəfli sənədin həyata keçirilməsi vəziyyətində bu çətinliklər ən minimum səviyyədə olacaq. Digər platformalarda və formatlarda aparılan danışıqlar İrəvan üçün yeni itkilər təhlükəsi yaradır”.
Xəbər 92 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR