"ABŞ Azərbaycana yatırılan sərmayələrin həcmini artıracaq".
Aktual.az-ın APA-ya istinadən məlumatına görə, bunu Azərbaycanda səfərdə olan ABŞ ticarət katibinin Avropa, Orta Şərq və Afrika regionu üzrə köməkçisinin müavini Maykl Lalli deyib.
"ABŞ-ı təmsil edən biznes nümayəndələri Azərbaycana sərmayə yatırmaq üçün mühüm potensialın olduğu qənaətindədirlər".
Onun sözlərinə görə, ABŞ-ı təmsil edən biznes nümayəndələri Azərbaycana sərmayə yatırmaq üçün mühüm potensialın olduğu qənaətindədirlər: "Sözügedən potensial nəinki inkişaf etmiş enerji sahəsinə aiddir, ABŞ-ın biznes nümayəndələri həmçinin qeyri-neft sektorunda da mövcud olan potensialdan istifadə etmək istəyirlər. ABŞ-ın Ticarət departamenti də Azərbaycanda bu mühüm potensialı görür. Məhz bu səbəbdən Ticarət departamenti bu səfəri təşkil edib. Səfər çərçivəsində ABŞ-ın biznes dairələrini təmsil edən 15 şirkətin nümayəndələri Azərbaycan tərəfdaşları ilə 100-dən artıq görüş keçiriblər. Səfər zamanı biz yalnız biznes, hər hansı sərmayələr, ticarət münasibətləri barədə danışmırdıq. Biz həmçinin ABŞ-Azərbaycan arasında olan tərəfdaşlıq və eyni zamanda dostluq əlaqələrinə də toxunmuşuq. Məhz elə bu səbəbdən də ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsi ilə bizim Ticarət Departamenti dövlət səviyyəsində olan tərəfdaşlarımızla, eyni zamanda özəl sektorda mövcud olan tərəfdaşlarımızla birgə fəaliyyət göstərərək Azərbaycana sərmayələrin artımı istiqamətində səylərini göstərəcək. Həm ABŞ, həm də Azərbaycanda biznesin inkişafı və bunun nəticəsi olaraq iş yerlərinin açılması istiqamətində də səy göstərəcəyik".
"Biz Azərbaycanda təchizat, tibbi, İKT, media və neft-kimya sahəsində irəliləmək istəyirik".
Azərbaycanın müstəqillik tarixində ABŞ-ın ölkəmizə sərmayə yatırmaq baxımından ən aparıcı investorlardan olduğunu xatırladan M. Lalli bildirib ki, nümayəndə heyətinin bu səfəri bilavasitə iki ölkə arasında olan tərəfdaşlığın artırılmasına təkan verməkdir: "ABŞ uzunmüddətli sərmayələrə maraq göstərir. Məhz buna görə də bizim sərmayələr enerji sektoruna yönələrək həmin bu layihələrin uzunmüddətli - 10, 20, 40 illik olduğunu nəzərə alırdı. ABŞ həqiqətən Azərbaycana yatırılan sərmayələrin artmasını istəyir. Biz Azərbaycanda təchizat, tibb, İKT, media və neft-kimya sahəsində irəliləmək istəyirik".