ABŞ Rusiya tərəfindən olan təhlükə ilə əlaqədar Avropada “F-22 Raptor” tipli beşinci nəsil qırıcı təyyarələrini yerləşdirə bilər.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Məlumata görə, bu barədə Le Burjedə 51-ci Beynəlxalq Aerokosmik Sərgisində çıxışı zamanı ABŞ Hərbi-Hava Qüvvələrinin naziri Debora Li Ceyms bildirib.
“Mənim fikrimcə, Rusiyada baş verənlər ən böyük təhlükədir. Bu mənim burada olmağımın əsas səbəblərindən biridir”, deyə nazir qeyd edib.
O qeyd edib ki, Krım Rusiyaya birləşdirildikdən sonra Rusiyaya məxsus döyüş təyyarələri tez-tez Avropa sərhədləri boyunca uçuşlar etməyə başlayıb. Li Ceyms sərgi çərçivəsində NATO tərəfdaşları ilə hərbi xərclərin artırılması məsələsini müzakirə etmək niyyətində olduğunu qeyd edib.
Qeyd edək ki, bu ərəfədə Estoniya ölkədə NATO qüvvələri kontingentinin artırılmasını xahiş edib.
Aktual.az