“Abbas Abbasovun “Azərros”dan istefa verməsində Rusiyanın əli var. Onun əməlləri ilə bağlı Rusiya hökumət orqanlarına məlumatlar verilirdi. Yəqin bundan sonra Abbas Abbasova yerində otur komandası verilib”.
Aktual.az xəbər verir ki, bunu azvison.az-a açıqlamasında keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.
O, bir neçə gün öncə Abbas Abbasovun Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti “Azərros”dan istefa verməsinə münasibət bildirərək qeyd edib ki, onun indiyədək fəaliyyəti Azərbaycan dövlətinin əleyhinə olub: “Abbas Abbasov parçalanmış “Azərros”un bir hissəsinə başçılıq edirdi. Üstəlik də onun Azərbaycan diasporundakı əməlləri ilə bağlı ölkə rəhbərliyinə də müəyyən məlumatlar göndərildi. Sonuncu dəfə isə Azərbaycanın Rusiyadakı diaspor sədrinin üzərinə Abbas Abbasov “OMON”-çuları göndərmişdi. O, həmin şəxsi döydürüb, əmlakını müsadirə etdirdi. Səbəb isə həmin döyülən şəxs Abbas Abbasovun əməlləri barədə qəzetdə böyük bir yazı dərc etdirmişdi”.
Politoloq hesab edir ki, Abbas Abbasovun əməlləri xaricdə olan Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən izlənilir.
“O, gözləyirdi ki, Azərbaycanda hakimiyyət dəyişəcək və ölkə rəhbəri postunda əyləşəcək. Amma niyyəti həyata keçmədi. Çünki Abbas Abbasov dərin düşüncəli insan deyil. Yaxın ətrafı da ondan üz döndərib. Onlar Abbas Abbasovun özünü necə aparamasını kənardan müşahidə etməyə başladılar. Bütün diaspor təşkilatları, Rusiyadakı azərbaycanlılar Abbas Abbasovun əlehinə çıxdılar. O vaxtlar Söyün Sadıqdovu da “Azərros”a gətimişdilər. Sonradan o da təşkilatdan ayrıldı. Bundan sonra “Azərros”da qarşıdurma yaşandı. Rusiya hakimiyyət orqanları tərəfindən Abbas Abbasova müəyyən təzyiqlər göstərilməsi məsələsini istisna etmirəm”.
Sonda isə politoloq Abbas Abbasovun əməllərinə görə həbs olunacağı ehtimalına diqqət çəkib: “Abbas Abbasov Azərbaycan vətəndaşıdır. Yəni Rusiya vətəndaşı deyil. Azərbaycan tərəfi hələ ki, Abbas Abbasovun həbsini vacib hesab etmir. O da aldığı komandaya uyğun olaraq çəkilib yerində oturub. Hadisələrin sonrakı inkişafı və Abbas Abbasovun həbsi ilə bağlı hələ ki, heç nə demək olmaz. Hər an hər şey ola bilər. Bu baxımdan onun həbsi gözləniləndir”.