Fond məlumat yaydı.
Elmin İnkişafı Fondu 2015-ci il üçün kompleks elmi-tədqiqat proqramları üzrə əsas qrant müsabiqəsini elan edib.
Bu barədə Fonddan bildirilib.
Qurumlar tərəfindən təqdim ediləcək kompleks elmi-tədqiqat proqramları üzrə layihələrin böyük maliyyə həcmli qrantlar (100 min - 500 min manat) verilməsi yolu ilə maliyyələşdirilməsi nəzərdə tutulur. Layihələrdə alimlər üçün stimullaşdırıcı əmək haqqı, cihaz, qurğu və avadanlıqların alınması və elmi ezamiyyətlər planlaşdırılıb.
Müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 8 milyon manatdır.
Müsabiqədə iştirak etmək üçün sənəd qəbulu 2015-ci il dekabrın 15-dən 2016-cı il yanvarın 28-i saat 17:00-dək aparılacaq.
Müsabiqənin elmi ekspertiza işi 2016-cı ilin birinci rübündə yerinə yetiriləcək. Sənədlərin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub.
Müsabiqə ilə bağlı ətraflı məlumat www.sdf.gov.az linkindən əldə edilə bilər.