8-ci kilometr bazarının məşhur "pulqatlayanları" həbs olundu — VİDEO

8-ci kilometr bazarının məşhur

Bazarda vətəndaşların pulunu mənimsəyənlər polis tərəfindən saxlanılıb

Nizami rayonundakı 8-ci kilometr bazarında (“Vosmoy”) insanları aldadan fırıldaqçılar saxlanılıb.

Aktual.az xəbər verir ki, bu barədə məlumatı musavat.com-a bazarda çalışanlar verib. Məlumata görə, fırıldaqçı şəxslər bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılıb.

Xatırladaq ki, bu şəxslər bazarda güya meyvə-tərəvəz satışı ilə məşğul olurdular. Lakin əslində isə onların əsas işi satışla məşğul olmaq deyil, insanlardan pul oğurlamaq idi. Bazara gələnlərdən böyük əskinasları alaraq xırdalamağı təklif edən bu şəxslər daha sonra həmin pulun bir hissəsini xüsusi fəndlərlə qatlayaraq, oğurlayırdılar. Bu şəxslərin hər gün yüzlərlə qurbanı olurdu.

Bu il yanvar ayının 24-də həmin şəxslərin əməllərini ifşa edən videogörüntülər musavat.com-un əməkdaşları tərəfindən lentə alınmışdı.

Bundan sonra həmin fırıldaqçılar bazardan yoxa çıxmışdı. Lakin onlar barəsində hüquq-mühafizə orqanları tərəfindən heç bir tədbir görülmədiyindən onlar yenidən “Vosmoy” bazarında peyda olmuşdular.

Musavat.com bu məsələni təkrar ictimailəşdirərək həmin şəxslərin ifşa edilməsi üçün yenidən reportaj hazırlayıb.

Artıq həmin şəxslər bazarda yoxdur. Nəhayət ki, onlar polis əməkdaşları tərəfindən saxlanılıb.

Qeyd edək ki, “Vosmoy” bazarı Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin ərazisinə daxildir.

Fırıldaqçıların həbs edilməsi isə Polis Bölməsinin rəisinin dəyişməsindən sonraya təsadüf edir. Polis bölməsinin rəisi vəzifəsinə bir müddət əvvəl Hikmət Usubov təyin olunub. Əvvəl Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin rəisi olan Hikmət Usubovun gəlişindən sonra həmin fırıldaqçıların “bazarı” bağlanıb. Fırıldaqçılardan əlavə bazarda alıcıları tərəzidə aldadan bir neçə satıcı da saxlanılıb.

Fırıldaqçıların əməllərini sübut edən görüntüləri bir daha oxucularımıza təqdim edirik.

// Aktual.az

Xəbər 6984 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR