Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, Çinin Şencen şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində dağıntılar altında qalan 76 nəfərdən biri sağ xilas edilib.
Xilasedicilər fabrik binasının dağıntıları altında sağ insan olması ehtimalı əsasında axtarışa başlayıb, 19 yaşlı ofis işçisi Tian Cemini xilas ediblər. Onun yanından isə daha bir nəfərin cəsədi tapılıb.
Dağıntı altında topuğu əzilən Tian Cemin xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin sabit olduğunu bildirirlər.
Xatırladaq ki, dekabrın 20-də baş vermiş torpaq sürüşməsi nəticəsində Şencen şəhərinin nisbətən yüksək olan hissəsində yerləşən sənaye parkının ərazisində 33 bina, o cümlədən 14 fabrik, 2 ofis və 1 yeməkxana binası, 3 yataqxana, 13 kiçik ölçülü tikili uçub. Hadisə zamanı ilkin olaraq 91 nəfərin dağıntılar altında qaldığı güman olunurdu, lakin sonradan aparılmış dəqiqləşdirmələr zamanı 76 nəfərin itkin düşdüyü bildirilib. Hazırda 74 nəfərin axtarışları davam etdirilir.