Vətəni qibləgah edən şəhidlər - XXII
Çox mənbələri axtardım. Göy səma altında göyərən Göylər kəndi haqqında sanballı bir tarixi mənbə tapmadım. Həm kəndin adı, həm də burada yaşayan insanların gözlərinin rənginin göy olması, onların qədim Alban tayfaları və ya Göy Türklərin kökündən gəldiklərini ehtimal etməyə əsas verdi. Məlumdur ki, eramızdan sonrakı əsrlərdə də şimaldan Albaniyaya müxtəlif türk tayfaları gəlib məskunlaşmışdılar. Belə düşünmək olar ki, Oğuzlar (sonra tatar-monqollar, ağqoyunlular və qaraqoyunlular) Azərbaycana köçəri maldarlığı gətirdilər. Albaniya ərazisində türkdilli tayfaların bəziləri yerli, digərləri isə müxtəlif vaxtlarda gəlmələr idi. Yerli etnosların aparıcısı alban tayfası idi. Lakin bu etnos VII əsrdən sonra çox qəribə bir tale ilə qarşılaşdı. VII əsrin ortalarından Albaniya (Aran) ərəblərin işğalına məruz qaldı . Şirvan tayfasının müəyyən hissəsi Alban dövlətinin süqutundan sonra Şimali Azərbaycan ərazisində məskunlaşdı. XI əsrdən sonra Şirvanşahlar paytaxtı kimi təşəkkül tapdı. Müharibələr, təbiət hadisələrı isə burada yaşayan oturaq xalqların genini dəyişdirə bilmdi. Ona görə də bu gün Şirvanda, Şamaxıda alban və türk tayfalarının izləri qalan kəndlərin adı dəyişdirilib, ərəb sözü artırılsa da, gen və genetik kod dəyişməyib. Yaşı qədimlərdən də qədim olan Göylər kəndinin göy gözlü insanlarının əksəriyyəti də Göytürk tayfalarının davamçılarıdırlar, deməyə əsasım var. Yəqin ki, alimlərimiz bu mövzunu araşdırsalar, çox elmi mətləblərin açarını əldə edəcəklər.
Göy gözlü Göylərlilər
1918-ci ildə Lalayan, Samson Aspirov və Əmirovun quldur dəstələri aprelin 3-dən 16-a kimi Şamaxı əhalisinə qanlı divan tutdular. Şamaxı qəzasında yerli erməni-rus-malakan kəndlilərinin köməyi ilə daşnaklar 8000-dən artıq dinc azərbaycanlı əhalini öldürdülər. 72 kəndi dağıdaraq, 12 məhəllə məscidi və 800 illik tarixə sahib Şamaxı cümə məscidini içərisindəki insanlarla birlikdə yandırdılar. Öldürülənlərin 1600 nəfərindən çoxu qadın, 965 nəfəri isə uşaq idi. Dağıdılan 72 kənddən biri də Göylər idi. Mənbələrdən belə aydın olur ki, erməni quldurları Göylərdə 118 nəfəri qətlə yetirib.
Şamaxının ən böyük kəndi sayılan Göylərin bu gün 7424 nəfər əhalisi var. Azərbaycanın azadlığı və Qarabağ uğrunda Vətən döyüşlərində Şamaxı 93 şəhid verib. Onun 8-i Göylər kəndindən olan şəhidlərdir. 8-cisi isə Göylər kəndində 1997-ci ilin iyun ayının 20-si dünyaya gəlmiş Elşən Səlim oğlu Səmədovdur. O da 2015-ci ildə hərbi xidmətə çağırılan əksər yaşıdları kimi Vətən borcunu ödəmək, hərbin sirlərinə azca da olsa yiyələnmək üçün əsgər getdi. Böyük qardaşı Rəfaelin hərbi xidmətdən qayıtmasına 3 ay qalmışdı...