Bu gün xalq artisti Alim Qasımovun 58 yaşı tamam olur.
Aktual.az xəbər verir ki, 1957-ci ildə Qobustan rayonunun Nabur kəndində anadan olan Alimin valideynləri onun musiqiyə və xüsusilə muğama qarşı olan istedadını uşaqlıqdan biliblər.
O, Bakıda muğam məktəbinin ən tanınmış və istedadlı müəllimlərindən dərs alıb. 25 yaşında Alim həyatında birinci muğam müsabiqəsində müvəffəqiyət qazanıb.
1989-cu ildən Alim Qasımov Mənsurov qardaşlarıyla çıxış eləməyə başlayıb - tarzan Camal və kamança çalan Elşən ilə.
1993-cü ildə Azərbaycan Respublikasının Xalq Artisti adı ilə təltif olunan A.Qasımov 1999-cu ildə Beynəlxalq IMC UNESCO Musiqi Mükafatını alıb
Muğam sənətini Fransa, İngiltərə, Almaniya, Belçika, İspaniya, Braziliya, Honq Konq, Yaponiya, İran və Amerika Birləşmiş Ştatları kimi ölkələrdə konsertlərlə çıxış edən sənətçi Azərbaycan mədəniyyətinin dünyaya yayılması üçün böyük bir rol oynayır.
Qasımov ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə "Dünyanın ən nüfuzlu 500 müsəlmanı" arasında 4 azərbaycanlıdan biri olub.
26 may 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsinin final mərhələsində Azərbaycan təmsilçisi Səbinə Babayeva ilə eyni səhnəni paylaşıb.
Bu yay Bakıda keçirilən Avropa Oyunlarının açılışına da muğam ifaçısı öz səsiylə rəng qatıb.