57 minə yaxın “BakıKART” satıldı

57 minə yaxın “BakıKART” satıldı

“Bu günə qədər 57 minə yaxın “BakıKART” (plastik) və 2 min 500-dən artıq “BakıKART Məhdud istifadə üçün” yaxın kart satılıb”.

Aktual.az xəbər verir ki, bunu azvision.az-a açıqlamasında “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Qurumun rəsmisi bildirib ki, kartların istər satışı, istərsə də sərnişinlərin bu yeniliyə uyğunlaşması proqnozlaşdırılan axarla davam edir: 


“Kartlar yeni olduğundan sərnişinlərin yenidən məlumatlandırılmasına və suallarının cavablandırılmasına ehtiyac yaranır. Keçid dövrü üçün bu vəziyyət normal qəbul edilir və xidmətin müvafiq işçiləri, həmçinin “BakıKART”ın təlimatlandırılmış nümayəndələri sərnişinləri lazım olan bütün informasiya ilə təmin edirlər”.

Qeyd edək ki, Avqustun 8-də Bakı metropolitenində yeni vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Yeni kartlar təkcə metropolitendə deyil, eyni zamanda, “BakuBus” MMC-yə məxsus avtobus marşrutlarında da tətbiq olunur. Qiymətlərə gəlincə, “BakıKART”ın (plastik kart) satışı 2 manat, “BakıKART Məhdud istifadə üçün” kartının satışı isə 20 qəpikdir. Bir gediş haqqının qiyməti dəyişməyib. Sərnişinlər hər gediş üçün 20 qəpik yükləyirlər.

Qeyd edək ki, plastik “BakıKART” metrodan daim istifadə edən sərnişinlər üçün sərfəlidir. “BakıKART Məhdud istifadə üçün” kartı isə, əsasən şəhərimizin qonaqları, turistlər və metrodan az istifadə edənlərə sərf edər. Bu növ karta yalnız satın alındığı zaman 1, 2, 3 və ya 4 gediş yükləmək mümkündür. Onun balansının artırılması mümkün deyildir. Hər iki növ kart heç bir halda geri qaytarılmır.

“METRO KART” ın balansında olan gediş haqqı sentyabrın 30-na qədər etibarlıdır. Sərnişinlər “METRO KART”ı qaytarmaq istəsələr, avqustun 15-nə kimi stansiyaların kassalarına yaxınlaşaraq, kartı qaytarıb onun girov dəyərini geri ala bilərlər. Bundan savayı, hər bir sərnişin avqustun 15-dən sentyabrın 30-na kimi stansiyalardakı kassalarda “METRO KART”ın girov dəyərini yalnız gediş haqqı kimi istifadə edə biləcək. Bunun üçün o, yeni «BakıKART»la birlikdə «METRO KART»ı stansiyalardakı kassalara verir və girov dəyərini yüklətdirir.
Sentyabrın 30-dan “METRO KART”ın istifadəsi dayandırılacaq və onu istifadə etmək mümkün olmayacaq.

Onu da əlavə edək ki, “METRO KART” və “BakıKART»larla əlaqəli yaranmış problemlə bağlı “20 Yanvar”, “Cəfər Cabbarlı”, “Nəriman Nərimanov” və “Neftçilər” stansiyalarında fəaliyyətdə olan “KART-ANALİZ” mərkəzlərinə, yaxud *4343 telefon nömrəsinə və ya www.bakikart.az veb səhifəsinə müraciət edə bilərsiniz. 

 
Xəbər 1008 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR