İqtisadiyyat Nazirliyindən Səhiyyə Nazirliyinə daxil olan sorğu məktubları əsasında “Özəl tibb fəaliyyəti subyektləri ilə iş şöbəsi”ndə yaradılmış işçi qrup tərəfindən, cəlb edilmiş ekspetlərin və İqtisadiyyat Nazirliyinin nümayəndələrinin iştirakı ilə ötən müddət ərzində 159 özəl tibb müəssisəsinin fəaliyyət ünvanında yaradılan şəraitin tibb müəssisələrinə dair normativ hüquqi aktların tələblərinə uyğunluğu qiymətləndirilib.
Səhiyyə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, qiymətləndirmənin nəticələrinə əsasən 124 müəssisə (78,0%) barədə müsbət, 35 müəssisə (22,0%) barədə isə mənfi rəylər hazırlanaraq müvafiq qaydada Səhiyyə Nazirliyinə təqdim edilib.
2016-cı ilin 1-ci yarımilliyi ərzində 25 şəxs tərəfindən özəl tibb fəaliyyəti subyektləri barəsində daxil olan müraciətlər və şikayət məktubları ətraflı araşdırılaraq lazımi tədbirlər görülmüş və nəticəsi barədə ərizəçilərə məlumat verilib.
Vergilər Nazirliyinin və Daxili İşlər Nazirliyinin Kürdəmir rayon Polis Şöbəsinin (1 protokol) əməkdaşları tərəfindən lisenziyasız özəl tibb fəaliyyəti ilə məşğul olma faktları barədə 6 protokol tərtib edilərək Səhiyyə Nazirliyinə göndərilib. İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə uyğun olaraq hər bir şəxs barəsində inzibati tənbeh növü kimi Səhiyyə Nazirliyi tərəfindən inzibati cərimə haqqında qərarlar çıxarılıb.
Tibb müəssisələrinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində şöbə tərəfindən hazırlanmış yeni normativ hüquqi aktların layihəsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi üçün istinad edilən müvafiq qanunlarda mövcud olan kolliziyanın aradan qaldırılması məqsədilə yeni qanun layihəsi hazırlanmış və baxılıb təsdiq edilməsi üçün Səhiyyə və Ədliyyə nazirliklərinə göndərilib.