32 yaşlı manyak tərəfindən vəhşicəsinə öldürülən 5 yaşlı Aişə Qələndərova bu gün Pirallahıda dəfn olunub. Xəbər verdiyimiz kimi, azyaşlı qız əvvəlcə zorlanıb, sonra isə boğularaq öldürülüb. Cani isti izlərlə ələ keçib.
Virtualaz.org saytının müxbirləri bu gün cinayətin baş verdiyi Pirallahı qəsəbəsində, yerli sakinlərin Tarxan adlandırdığı ərazidə olublar.
Aydın məsələdir, dərddən beli bükülmüş valideynlərlə danışmaq mümkün olmadı. Onlar danışacaq halda deyildilər.
Amma qonşulardan hadisənin bəzi təfərrüatlarını öyrənə bildik. Məlum oldu ki, Aişənin anası bu faciəvi hadisədən bir neçə gün qabaq üstünə qaynar su tökülməsi ucbatından yanıq xəsarəti alıbmış. Buna görə də evdən bayıra çıxa bilmirmiş.
Uşağa isə atası Füzuli nəzarət edirmiş. Dünən də belə olub. Axşamüstü Füzuli qızı Aişə ilə həyətə düşüb. Uşaq sakitcə oyuncaqları ilə oynayırmış. Füzuli çay içmək üçün yuxarı qalxıb. Geri qayıtmağı haradasa 15-20 dəqiqə çəkib.
Bu müddət ərzində onların qonşusu, 32 yaşlı Yakov Çernov uşağı götürərək öz həyətlərinə aparıb, orada zorlayıb və boğaraq öldürüb. Hərçənd ki, qonşuları Yakovu bu vaxta qədər sakit və dinc bir adam kimi tanıdıqlarını deyirlər.
Yakov uşağın meyitini gündüz gizlədə bilməyəcəyini anladığından onu parçaya bürüyüb, elə öz həyətlərindəki zibillikdə gizlədib. Üstünə isə qəsəbədə elektrik işləmiş mərhum atasından qalma müxtəlif əşyalar, alətlər töküb ki, diqqəti cəlb etməsin.
Cani bütün bunları şüurlu şəkildə və soyuqqanlılıqla edib. Daha dəhşətlisi odur ki, uşağın atası Füzuli qızının itdiyini bilib axtarışlara başlayanda əksər qonşular kimi Yakov da dərhal ona qoşulub. O da Aişəni “axtarmağa” başlayıb, uşağı səsləyib.
Qeyd edək ki, Tarxan deyilən ərazi bataqlıq yerdir. Burada sıx qamış və kollar bitib. Uşağı gecə qaranlıq düşənə qədər bu sıx kolluqda da axtarıblar. Sonra isə axtarışları sabah davam etdirməyə qərar verərək dağılışıblar.
Təbii ki, uşağını itirən valideynlərin yuxusu ərşə çəkilib. Səhərə yaxın uşağın atası qonşunun həyətindən səs gəldiyini eşidib. Kimsə həyətdə bellə nəsə qazırmış. Bundan heyrətlənən Füzuli həyətə düşəndə lap təəccüblənib: hasarın o tərəfindəki qonşu tələsik nəsə qazırmış.
Qarşısındakı şəxsin qızının qatili olmasını ağlının ucundan da keçirməyən Füzuli Yakovdan gecə saat 4-də nə iş gördüyünü, torpağı niyə qazdığını soruşub. Cavabında gözləmədiyi halda söyüş eşidib: “Sənə nə var? Ev mənimdir, həyət mənimdir, əcəb edib qazıram...”
Qonşusunun bu qəfil qəzəbindən şübhələnən Füzuli polisə zəng vurub. Hadisə yerinə gələn polislər axtarışa başlayıblar və uşağın cəsədini Yakov Çernovun həyətindəki zibil qalağının altından tapıblar.
Yakov Çernov əvvəlcə hər şeyi inkar etməyə çalışıb. Daha sonra isə qətli törətdiyini boynuna alıb.
Yakov Çernov istintaq eksperimenti üçün bu gün hadisə yerinə gətirilib. Virtualaz.org saytının əməkdaşları eksperiment prosesini izləyiblər. Qatil cinayətin bütün təfərrüatlarını soyuqqanlılıqla danışıb: uşağı necə aldadıb, uşağa nə deyib, o, nə cavab verib və s.
İstintaq eksperimentinin aparıldığı ərazi və Çernovun evi polis tərəfindən mühafizəyə götürülüb ki, qəzəblənmiş sakinlər qatili linç etməsinlər.
Sonda onu da deyək ki, Aişə Qələndərovanın 5 yaşı iyunun 9-da tamam olacaqdı.
Aktual.az