Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızı zorlamaqda və qətlə yetirməkdə təqsirli bilinən Pirallahı rayon sakini, 1983-cü il təvəllüdlü Yakov Çernovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Aktual.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, Yakov Çernov ömürlük azadlıqdan məhrum edilib.
Y.Çernov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 120.2.6 (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham olunurdu.