"5 milyondan artıq insana hər cür şərait yaradılıb"


Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində 5 milyondan artıq insanın səs verməsi üçün hər cür şərait yaradılıb.

Aktual.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün MSK-da keçirilən mətbuat konfransında deyib.
O, qeyd edib ki, seçkilərə hazırlıq təqvim planına əsasən keçirilib: "Bütün işlər nəzərdə tutulmuş vaxtda həyata keçirilib. Sabah 5 milyondan artıq insanın səs verməsi üçün hər cür şərait yaradılıb".
M.Pənahov bildirib ki, 125 seçki dairəsi üzrə 767 namizəd qeydə alınıb: "Təqribən hər bir məntəqəyə 6 namizəd düşür. Dairələrdə ən çox 12, ən az 3 namizəd var. Seçicilər üçün geniş seçim imkanı var".
MSK sədri deyib ki, seçkilərdə 15 siyasi partiya birbaşa, 7 partiya isə "Azadlıq-2015" bloku çərçivəsində iştirak edəcək: "Bu həm vətəndaşların, həm də siyasi partiyalara olan yüksək marağın göstəricisidir".
O vurğulayıb ki, 1000-ə qədər seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Seçkiləri internet vasitəsilə izləmək üçün hər cür şərait yaradılıb. Dünyanın istənilən yerindən seçkiləri müşahidə etmək mümkündür".
M.Pənahov əlavə edib ki, müşahidəçilərin də sayı kifayət qədər çoxdur: "Ümumilikdə 66 mindən artıq müşahidəçi qeydiyyatdan keçib. Təxminən hər bir məntəqəyə 11-dən çox müşahidəçi düşür. Müşahidəçilər üçün bütün məntəqələrdə hər cür şərait yaradılıb. Onlar üçün oturacaqlar quraşdırılıb. 40 beynəlxalq nüfuzlu təşkilatdan 503 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Müşahidəçilər dünyanın bir çox ölkələrini təmsil edirlər".

Xəbər 397 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR