Abşeron rayonunda mənşəyi məlum olmayan ət aşkarlanıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən verilən xəbərə görə, DBNX yanvarın 9-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini, icarədar olan Sərdar Şıxəliyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində reyd keçirib. Reyd Daxili İşlər Nazirliyinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun iştirakı ilə aparılıb.
Reyd nəticəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skeletləri aşkar olunub.
Mənşəyi məlum olmayan həmin heyvan cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.
Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və bu işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcək.
Aktual.az