Rioda keçirilən Paralimpiya Oyunlarında bu gün Azərbaycanın 4 idmançısı mübarizəyə qoşulacaq.
Aktual.az xəbər verir ki, AzNews.az-ın məlumatına görə, ilk olaraq cüdoçular öz güclərini sınayacaq. Kişilərin mübarizəsində 73 kq çəkidə Ramil Qasımov 1/4 finalda çıxış edəcək. Onun rəqibi kubalı Cerardo Rodriges və argentinalı Rodolfo Ramires arasında keçiriləcək görüşün qalibi olacaq. 81 kq-da Rövşən Səfərovun rəqibi belaruslu Aleksandr Kazloy olacaq. Cütün qalibi 1/4 finalda ukraynalı Aleksandr Kosilovla görüşəcək.
Qadın cüdoçulardan yalnız Səbinə Abdullayeva (57 kq) mübarizə aparacaq. 1/4 finalda azərbaycanlı paralimpiyaçı yaponiyalı Junko Hiroseni yenməyə çalışacaq. Qalib cüdoçu yarımfinalda Araujo Lusio (Braziliya) - Liyinq Vanq (Çin) cütünün qalibi ilə mübarizə aparacaq.
Cüdo yarışları Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. 10 metr məsafəyə atəşaçmada Yelena Taranova mübarizə aparacaq. Yarış saat 16:30-da başlayacaq. Y.Taranova hədəfdən yayınmasa, saat 18:45-də finalda iştirak edə biləcək.
100 metr məsafəyə qaçışın yarımfinalına yüksələn Yelena Çebanu saat 19:08-də start xəttində olacaq. Paralimpiyaçı uğur qazanacağı təqdirdə gecə saat 02:00-da başlayan finalda mübarizəyə qoşulacaq.
Qeyd edək ki, Rio Paralimpiya Oyunlarının ilk günündə Azərbaycana ilk və tək medalı cüdoçu Bayram Mustafayev(66 kq) qazandırıb. O, finalda uduzaraq gümüş medalla kifayətlənib.