Bu gün Məhkəmə-Hüquq Şurasının (MHŞ) iclası keçirilib.
Şuradan Aktual.az-a verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib ki, Avropa Komissiyasının (CEPEJ) 12 illik fəaliyyətinə həsr olunmuş xüsusi nəşrdə Azərbaycanda həyata keçirilən məhkəmə islahatına önəm verilərək buna ayrıca bölmə həsr edilib.
İclasda 2010-cu ildə yeni qaydalarla seçilmiş 20-dən çox hakimin, habelə, bir sıra məhkəmə sədrlərinin səlahiyyət müddətinin başa çatdığı bildirilib, onların hər birinin fəaliyyətinin yerində öyrənilməsi, yuxarı instansiya məhkəmələri tərəfindən təqdim edilmiş rəylərin və digər məlumatların ətraflı təhlil olunduğu vurğulanıb.
Səlahiyyət müddəti başa çatan hakimlərin iştirakı ilə keçirilən iclasda açıq və ətraflı müzakirələr aparılmaqla onların hər birinin fəaliyyəti prinsipial qiymətləndirilib. Vətəndaşların şikayətlərini doğuran nöqsan və çatışmazlıqlar, habelə yol verilən xarakterik pozuntular nəzərə çatdırılıb, belə halların qətiyyətlə aradan qaldırılması üzrə tapşırıqlar verilib, ədalətli və qərəzsiz olmaqla hakim adının və şərəfinin daim uca tutulmasının, vətəndaşlara qayğılı münasibətin hər bir hakimin əsas vəzifəsi olduğu vurğulanıb.
Müzakirələrdən sonra hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələri üzrə onların təyinatına dair müvafiq təkliflər hazırlanıb.
İclasda həmçinin, hakimlər barədə intizam icraatına baxılaraq, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara, icra intizamının kobud pozulmasına yol verdiyinə görə Şamaxı rayon məhkəməsinin hakimi Təranə Hüseynova ciddi intizam məsuliyyətinə cəlb edilib, bu kimi hallara yol verdiklərinə görə 3 hakim barədə intizam icraatları başlanılıb.
Aktual.az