Bu ilin noyabr ayı ərzində Azərbaycanın dövlət sərhədini pozduqları üçün 35 halda 40 nəfər saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən verilən məlumata görə, onların 23 nəfəri Azərbaycan, 3 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla İran İslam Respublikası, Nigeriya, Tacikistan, Banqladeş, Pakistan, Liberiya, hər ölkədən bir nəfər olmaqla Qazaxıstan və İraq vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 17 nəfər, Xəzər dənizində 29 halda 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 388 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 9 halda 2 kiloqram 445 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Noyabrın 12-də "Astara" sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycana keçərkən Bakı şəhər sakini, 1959-cu il təvəllüdlü Məmmədov Emil Hidayət oğlunun idarə etdiyi "Mercedes-Benz" markalı AZ 90-GD-883 dövlət qeydiyyat nömrəli avtomaşının salonundan 2 kq 200 qram heroin aşkar edilərək götürülüb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə nəticəsində 52 halda ümumi dəyəri təqribən 383 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd tapança, 2 ədəd tüfəng, 78 ədəd patron, 1 ədəd pnevmatik tapança, 6920 ədəd pirotexniki vasitə, 10 507 qutu siqaret, 61 400 ABŞ dolları, 18 540 Azərbaycan manatı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.