Amerikalı peşəkar fotoqraf Stiven Uilks “Gündüzdən gecəyə doğru” adlı maraqlı fotolayihəyə imza atıb. Fotoqraf 24 saatlıq zamanı əks etdirən fotolar seriyası çəkərək eyni mənzərənin 24 saatını bir fotoda əks etdirməyə müvəffəq olub.
Aktual.az Publika.az-a istinadən xəbər verir ki, fotoqraf bunun üçün sutka ərzində eyni mənzərənin 1500 şəklini çəkib və qrafik redaktor proqramı vasitəsilə onları bir təsvirdə birləşdirib. Bununla da “Zaman panoraması”nı yaradaraq nağılları xatırladacaq nəticə əldə edib.
“Gündüzdən gecəyə doğru” layihəsi öncə şəhər peyzajları ilə başlayıb. Onların arasında Nyu-York Mərkəzi parkı, Yerusəlimin Qərb divarı, Şanxayın “Şərq Mirvarisi” qülləsi var.
İdeya zamanla o qədər populyarlıq qazanıb ki, fotoqraf bu işin coğrafiyasını genişləndirmək qərarına gəlib. O, Fransa, İngiltərə, hətta Afrikaya da gedərək maraqlı kadrlar çəkib. Məsələn, S.Uilks Tanzaniyada 5,5 metr yüksəklikdə qurulmuş platformada 30 saat vaxt keçirib. Bu müddət ərzində su hövzəsi ətrafında filləri, aslanları, zebraları və çoxlu sayda digər heyvanları bir kadrda əks etdirib.
Qeyd edək ki, belə bir şəklin kompyuterdə qrafik redaktor proqramı vasitəsilə işlənib hazırlanması üçün bir neçə həftə və ya bir aya yaxın vaxt sərf edilir. Ancaq alınan nəticələr onu göstərir ki, fotoqraf, həqiqətən də nə etdiyinin fərqindədir. Zamanını boş yerə sərf etmir.
Xəbər 911 dəfə oxunub.