"30-40 dollara Nyu-York Akademiyasının üzvü olmaq mümkündür" — MÜSAHİBƏ


Arif Səlimov Azərbaycanın həndəsə üzrə yeganə elmlər doktorudur. Hazırda Türkiyənin aparıcı ali məktəblərindən olan Atatürk Universitetinin professorudur. Bir neçə gün öncə qardaş ölkənin Elmi və Texniki Araşdırmalar Komitəsinin (TÜBİTAK) ən nüfuzlu mükafatlarından olan “PPÖ-Proje Performans Ödülü”nə layiq görülüb.

Elə biz də Ölkə.Az olaraq alimimizlə görüşüb Azərbaycan elmi, ölkəmizdə həndəsə sahəsinin durumu və digər məsələlərlə bağlı söhbətləşməyi qərara aldıq.

- Arif müəllim, tərcümeyi-halınıza nəzər salanda görürük ki, 1984-95-ci illərdə Bakı Dövlət Universitetində çalışmısınız. Elə Azərbaycandakı axırıncı iş yeriniz də bura olub. Türkiyəyə gedişinizin səbəbi həmin dövrdə ölkədə yaranmış qeyri-stabil durum idi, yoxsa səbəb təkcə bu deyildi?

- 90-cı illərin əvvəlində tək Azərbaycanda deyil, Sovet İttifaqından ayrılmış bütün ölkələrdə dünyaya inteqrasiya var idi. Xüsusən dəqiq elmlər sahəsindəki alimlər xarici ölkələrə dəvət alırdılar. Həmin ərəfədə mənə bir çox ölkədən dəvətlər vardı. Seçimim bizə hər sahədə yaxın olan Türkiyə oldu.

- Digər təkliflər hansı ölkələrdən idi?

- Məsələn, İran, Portuqaliya, İtaliyadan təkliflər var idi. Türkiyənin bir neçə ali məktəbindən dəvətlər almışdım. O zaman həndəsəyə dünyada ehtiyac böyük idi. Həm də sovet həndəsə məktəbindən yetişdiyimiz üçün, dünyada bu məktəbə maraq ikiqat çoxdur. Atatürk Universitetini seçməyimin də maraqlı tarixçəsi var.

- Buyurun...

- Bakı Dövlət Universitetinin keçmiş rektoru Yəhya Məmmədov mənim Atatürk Universitetini seçməyimə səbəbkar oldu. O zaman Azərbaycanla Türkiyə arasında əlaqə Naxçıvan üzərindən olurdu. Təyyarə ilə Naxçıvana, oradan Türkiyəyə gedirdik. İlk təklifi Boğaziçi Universitetindən almışdım. Yolçuluğa çıxmışdıq və ilk olaraq Atatürk Universitetinə gəldik, Yəhya müəllimlə görüşdük. Yəhya müəllim mənim haqqımda çox gözəl fikirlər söyləmişdi. Dekan, prorektor bizi qəbul etdi. Gördüm dekan prorektora deyir ki, hocanı əldən buraxmayaq. Beləliklə, mən bu universitetdə qalası oldum. Ondan sonra Rusiyanın Kazan şəhərində məşhur sovet alimi, mənim müəllimim, professor Vişnevskiyə yazdım ki, Ərzurumda - Atatürk Universitetində işləməyə qərar verdim. O da mənə yazdı ki, Puşkinin "Ərzuruma səyahət" əsərini oxu. Əsərdə qəribə bir qanunauyğunluq tapdım. Rus ordusu həmin əraziləri işğal edəndə Puşkin çardan xahiş edib ki, mən də ordu ilə gedim, müşahidə aparım. Əsərdə yazır ki, Moskva ilə Kazan arasında necə rəqabət gedirsə, Ərzurumla da İstanbul arasında eynisidir. Belə bir qarşılaşdırma var. Sanki bu mənim taleyim idi. Kazan və Ərzurum, hər ikisi soyuq diyar.

- Azərbaycandan həndəsə üzrə ilk və tək həndəsə elmləri doktorusunuz...

- Bəli, hazırda belədir. Amma məndən öncə Maqsud Cavadov olub. O, 50-ci illərdə doktorluq dissertasiyasını müdafiə edib. 1972-ci ildə vəfat etdi.

- Çox güman ki, onunla ünsiyyətiniz olmayıb...

- Mən 1973-cü ildə universitetdə qəbul olmuşam. Maqsud müəllimin tələbələri Nazim Abbasov, Sənubər Qasımova israr etdilər ki, üçüncü kursdan sonra həndəsə ixtisasını seçək. Bizim bəzi tələbə yoldaşlarımız riyaziyyatın daha asan sahələrini seçdilər və mənə də deyirdilər ki, niyə oranı seçirsən? Riyaziyyatın digər sahələri var ki, orada daha sürətlə irəli getmək olar. Mənim də xarakterim belədir, çətin başa gələn işlərdə uğur qazanmağı sevirəm. O zaman adlarını sadaladığım müəllimlər məni Kazan Universitetinə yönləndirdilər. Söhbət 1978-79-cu illərdən gedir.

- Deməli, Kazana sevginiz doktorluq müdafiəsindən iyirmi il öncə varmış...

- 1998-ci ildə elmlər doktorluğunu müdafiə etmişəm, 1983-cü ildə isə namizədliyi. Mənim elmi fəaliyyətim demək olar ki, bütünlüklə Kazanla bağlıdır. Ərzurumdə isə işləyirəm.

- Azərbaycanda bu sahə o qədər də populyar deyil. Sizcə, səbəb nədir?

- Bunun bir neçə səbəbi var. Ümumiyyətlə, həndəsə bütün dünyada riyaziyyatın digər sahələri kimi geniş yayılmayıb. Riyaziyyat tarixində ən qədim sahə həndəsədir. Bəzən də bir sahə inkişaf edir, sonra inkişafdan qalır, tənəzzül edir və sair.

- Azərbaycanda həndəsə tənəzzül dövründədirmi?

- Elə demək doğru deyil. Həndəsə ötən əsrin ortalarına qədər dünyada inkişaf edib. Bu inkişaf paralel olaraq Azərbaycanda da gedib. Amma əsrin ortalarından etibarən inkişaf dayanıb. Belə olan halda həndəsəyə yeniliklər- riyazi analizin, differensial tənliklərin, cəbrin, topologiyanın müəyyən metodları əlavə olunub. Yəni həndəsə bir qədər də mükəmməlləşib. Ona görə də 50-ci illərdən sonra həndəsə sahəsində yetişmək üçün digər sahələri də güclü bilmək lazım idi.

- Çox gənc yaşda doktorluğu müdafiə etmisiniz...

- Mən doktorluğu müdafiə edəndə Zaqafqaziyada, Orta Asiyada həndəsədən elmlər doktoru yox idi. Postsovet məkanında isə ən gənc elmlər doktoruydum, cəmi 42 yaşım var idi. Eşitdiyimə görə məndən sonra ermənilərdən doktorluğu müdafiə edən olub. Elə ona görə də həmin ərəfədə müştərilərimiz çoxaldı, bizi hər yerə dəvət etdilər.

- Yəqin ki beynəlxalq konfranslarda, tədbirlərdə ermənilərlə üz-üzə gəlirsiniz, ənənəvi "badalaq" fəndlərindən istifadə edirlər...

- Həndəsə sahəsində postsovet məkanında ermənilərin güclü alimləri yox idi. Bəlkə istərdilər təsir etsinlər. Bəzi yerlərdə görürdün ki, altdan-altdan nələrsə etməyə çalışırlar. Ancaq bu elm sahəsi olduğuna görə girişə bilməzlər.

- Bəs Türkiyədə?

- Heç rast gəlməmişəm. Amma Türkiyədə də olmamış deyil. Elm sahəsində, xüsusən dəqiq elmlərdə belə şeylər keçmir.

- Gələn il altmış yaşınız olur...

- Unutmuşdum (gülür). Gəldik altmış yaşa çatdıq.

- Ömrünüzün iyirmi ili ölkədən kənarda keçib. Nə zamansa qayıdıb qazandığınız təcrübəni yerli mütəxəssislərlə paylaşmaq, burada çalışmaq fikriniz varmı?

- Mən Bakı Dövlət Universitetinin məzunu olmuşam. Ondan ilyarım sonra Kazanda aspirantura oxuyub, namizədliyimi müdafiə etmişəm, doktorluq müdafiəsi olub və beləcə gedib-gəlmişik. 1984-95-ci illərdə də universitetdə çalışmışam və Türkiyəyə getmişəm. Amma bu illər ərzində BDU ilə, Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutu ilə heç əlaqəm kəsilməyib. Burada mənim rəhbərliyim altında namizədlik dissertasiyaları (indi fəlsəfə doktoru-red) müdafiə olunub. Dünyanın nüfuzlu jurnallarında çap olunan bəzi məqalələrim BDU-nun, AMEA-nın Riyaziyyat və Mexanika İnsitutunun adından gedib. Çünki dünya elmində ölkələrin reytinqi müəyyən olunanda nüfuzlu jurnallarda çıxan məqalələr də nəzərə alınır.

- Türkiyə elm sahəsində bizdən öndədir...

- Təbii ki, Türkiyə böyük ölkədir.

- Məncə, elm sahəsi böyüklüyə baxmır. İsrailin 5 milyon əhalisi var, amma alimləri...

- Dövlətin böyüklüyü də önəmlidir, siz dediyiniz də var. Türkiyədə elm və təhsil sahəsində büdcədən böyük pullar ayrılır.

- Azərbaycanda elmə ayrılan vəsait yetərlidirmi?

- On il öncə yetərsiz idi. Amma indi baxıram, maraqlanıram və görürəm ki, hər cür dəstək var. Gənc, istedadlı alimlər yetişib, bəziləri Amerikada, Avropada, Türkiyədə, Rusiyada çalışırlar. Söhbət riyaziyyat sahəsindən gedir.

- Türkiyə ilə müqayisə oluna bilərikmi?

- Türkiyədə bu sistem oturuşub. Azərbaycanda isə son on ildə bu hərəkətliliyi hiss edirəm. Elm elə şeydir ki, onu yerindən tərpətmək üçün on il yetərli deyil. Bir sanballı elmi kadrın yetişməsi üçün qırx il vaxt lazımdır. Onun ali məktəbi bitirməsi, dissertasiyalar, müdafiələr və sair xeyli vaxt aparır. Ancaq söhbət məktəb yaratmaqdan gedirsə, 30-40 il lazımdır ki, nəticəni görəsən.

- Türkiyədə alim ilin bir ayını öz pulu ilə normal istirahət edə bilirmi?

- Bəli, edir.

- Amma bizdə alimlər elə də yüksək əməkhaqqı almırlar. Atatürk Universitetində professorun aldığı məvacib nə qədərdir?

- Təbii ki, xeyli yüksəkdir.

- Təxminən 7 min lirə civarında...

- Aşağısı buradan başlayır. Yuxarısı iştirak etdiyi layihələrdən, məqalələrdən asılıdır.

- Fikrinizcə, Azərbaycanda elmin inkişafı dövlətin ayıracağı vəsaitdən asılıdır, yoxsa istəyin olması yetərlidir?

- Fundamental elm sahələrindən dərhal gəlir götürmək çətin məsələdir. Bütün dünyada dövlət elmə pul buraxır ki, filan sahələrdə mütəxəssislərim yetişsin. Məsələn, neft sahəsində mütəxəssis hazırlayırsan və o pulu götürürsən. Amma riyaziyyatda bu mümkün deyil.

- Türkiyədə həndəsə sahəsində sizdən savayı neçə elmlər doktoru var?

- Onlarda elmlər doktoru ünvanı yoxdur. Onlarda fəlsəfə doktorluğudur, sonra dosentlik, ardınca dosentliklə professorluq arasındakı bir mərhələ gəlir.

- İki övladınız var. Onlar da elmlə məşğuldurlarmı?

- Hər ikisi tibb sahəsi ilə məşğuldurlar. Hacettepe Tibb Universitetində uzmanlıq təhsili alırlar. Yəni tibb üzrə aspirantura sayılır bu. Oğlum Asif Səlimov Türkiyədə keçirilən uzmanlıq imtahanında Türkiyə birincisi oldu.

- Son vaxtlar görürsən ki, kimsə özünü filan akademiyanın üzvü, akademiki kimi təqdim edir. Ancaq bildiyimə görə belə akademiyalar Avropada, Amerikada elə də önəmli təşkilatlar sayılmırlar. Bir elm adamı kimi belə titulları eşidəndə reaksiyanız necə olur?

- Əsl elm insanları belə şeylərə gülərək baxır. Məsələn yazırlar ki, filan alim Nyu-York Akademiyasının üzvüdür. Bunlar ciddi qurumlar deyil, həvəskar təşkilatlardır. 3-5 nəfər həvəskar bir qurum yaradır, sonra deyirlər ki, sizi bura üzv seçmək istəyirik, 30-40 dollar verin. Guya akademiyanın üzvü oldular. Xarici ölkələrdə akademiya anlayışı fərqlidir və hər kəs yarada bilər. Azərbaycanda da belə qurumların yaradıldığını eşitmişəm. Azərbaycanda elmlə məşğul olan bir akademiya var-AMEA.

- AMEA-nın üzvüsünüz?

- Xeyr, üzvü deyiləm. Bəlkə gələcəkdə oldum. Əgər seçsələr, olarıq. Bir dəfə müraciət etdim, xaricdə işlədiyimə görə dedilər tezdir. Əslində, bu səbəb deyil. Əksinə ölkədən kənarda işləmək əlaqələr baxımından üstünlükdür.

- Bakıda son dəfə nə vaxt olmusunuz?

- Hər il gəlirəm.

- Fərq varmı?

- Dəyişikliklər çoxdur. Ölkədə keçirilən yarışları, Avropa Oyunlarını seyr edəndə sevinirik. Şəhərin gözəlliyini başqaları söyləyəndə mən də, ailə üzvlərim də sevinir. Övladlarım 7-8 yaşlarından Türkiyədə böyüyüblər. Amma heç kəs deyə bilməz ki, onlar Türkiyədə böyüyüblər. Çünki danışıqları heç dəyişməyib. Türkiyədə isə heç kim deyə bilməz ki, bunlar azərbaycanlıdır.

- Deyəsən Bakıya həm də işlə bağlı gəlmişdiniz...

- Bir neçə gün öncə Novxanıda Azərbaycan, Türkiyə və Ukrayna riyaziyyatçılarının Beynəlxalq Əməkdaşlıq Simpoziumu keçirildi. Çox sevinirəm ki, Azərbaycanda belə tədbirlər keçirilir. Hazırda AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda ictimai əsaslarla çalışıram. Orada son 1-2 ildə böyük dəyişikliklər olub. Bəli, simpoziumlar keçirilir, məqalələr nəşr olunur. Məqalələrə görə pul mükafatları verilir, uğur qazananlar stimullaşdırılır. Misir Mərdanovun təşkilatçılığını açıq-aşkar hiss etdim.

- Dostluğunuz varmı?

- Biz Bakı Dövlət Universitetində eyni kafedrada çalışmışıq. Amma təhsil naziri olduğu illərdə heç görüşməmişik. Bakı Dövlət Universitetində də inkişaf hiss olunur. Bu iki qurum həndəsə mütəxəssislərinin yetişdirilməsi üçün böyük işlər görür. Bir daha deyirəm ki, bu riyaziyyatın ən önəmli qollarından biridir. Rusiyanın Elmlər Akademiyasının həndəsə üzrə bir neçə alimi var, bizdə yoxdur. Türkiyədə, Avropada həndəsə mütəxəssisləri çoxdur. Bu günlərdə Azərbaycanda tətildə olarkən Türkiyənin Elmi və Texniki Araşdırmalar Komitəsinin mükafatına layiq görüldüm və böyük məbləğdə pul mükafatı qazandım. Məbləği açıqlamaq etik deyil, amma çox yüksəkdir. Bu səmərəli fəaliyyətə görə bütün riyaziyyat sahəsi üzrə verilir.

- Mükafatın verilməsində hansı meyarlar əsas götürülür?

- Son dörd ildəki fəaliyyət, fəaliyyətin nəticələri, yetişdirdiyi tələbələr nəzərə alınaraq qərar qəbul edilir. Bu komitə baş nazirliyin ən önəmli qurumlarından biridir və Türkiyədə nazirlikdən daha üstün qurumdur. Dövlətin elm sahəsi üzrə ən əsas qurumudur. Tanışlıq filan keçmir, bütün informasiyalar elektron qaydada toplanır. Onların üç layihəsinin rəhbəri olmuşam və sonuncu layihədən ölkə xeyli mənfəət götürüb. Xəbəri burda almışam, pulu gedib orda alacam (gülür). Türkiyədən və Azərbaycandan xeyli təbriklər aldım. Deyim ki, qardaş ölkədə riyaziyyat üzrə təxminən 40-45 alimimiz var. Bunu bilən yoxdur. Əksəriyyəti 90-cı illərdə gedənlərdir. Axır vaxtlar Türkiyəyə axın yoxdur. Çünki gənc mütəxəssislərimiz burada təmin olunurlar. İyirmi ildir Türkiyədə yaşasam da, hələ də Azərbaycan vətəndaşıyam. Türkiyə dövləti, Yüksek Öyretim Kurulu, Atatürk Universiteti sağ olsun ki, mənə bu dəyəri verib. Ayrıca BDU-ya və Riyaziyyat və Mekanika İnstitutuna da təşəkkürümü bildirirəm. Çünki hər zaman deyiblər ki, səni burada gözləyirik və işbirliyinə dəvət edirik.

- Bildiyimə görə, həm də idman azarkeşisiniz.

- Bəli, futbolu daha çox sevirəm.

 

(Müsahibənin ardını sabah saytımızdan oxuya bilərsiniz)

Xəbər 3007 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR