Atasının faciəli ölümündən sonra beyin iflici keçirən Bakı şəhər sakini 28 yaşlı Nazim Abdulov 1 ildir ki, komadan ayılmır.
AzNews.az xəbər verir ki, Rusiyada tikintidə çalışan atası onun gözü qarşısında binadan yıxılaraq həyatını itirib. Bundan sonra ailəsini götürüb Bakıya qayıdan Nazim burada fəhləlik etməyə başlayıb. Bir müddət sonra isə qəfildən xəstələnib. 4 nəfərlik ailənin yeganə işləyə bilən üzvünün bu cür ağır xəstəliyə düçar olması təkcə maddi problemlər doğurmayıb. Gənc oğlanın hər gün ölümlə çarpışması ailənin digər üzvlərinin də dərin sarsıntı keçirməsinə səbəb olub. Azərbaycanda aparılan sistemli müalicənin heç bir təsiri olmadığını, həkimlərinin hər şeyi taleyin ümidinə buraxması bu sarsıntını bir qədər də artırıb. Ailənin ümid işığı tamamilə sönüb. Lakin yaxın adamlardan birinin Nazimə qoyulan diaqnozları Almaniya xəstəxanalarına göndərməsi və oradan alınan cavab vəziyyəti bir qədər müsbətə dəyişib.
Həkimlərin sözlərinə görə, Nazimin yenidən ayağa qalxmaq şansı var. Bununçün onu Almaniyada əməliyyat etmık lazımdır. Lakin sözügedən əməliyyat üçün 150 min manat tələb olunur. Bu isə kasıb ailənin imkanlarından çox-çox uzaqdır.
Anası Zemfira Rüstəmova beyin iflici olan övladının hazırda evdə aparatlara qoşulmuş halda yaşadığını bildirib. O, Nazimin mədə və boğazına qoşulmuş şlanqların artıq köhnəldiyini, yenisi ilə əvəzləmək üçün isə maddi imkanlarının çatmadığını deyir: “Balam ayağa qalxa bilər. Amma bilmirəm bu xəbərə sevinim, yoxsa kədərlənim. Elə bir məbləğ istəyirlər ki, ona gücümüz çatmır. Yaxşı insanlardan yardım istəyirəm. Ölənə kimi duaçı olaram onlara”.
Nazimin ailəsinə yardım etmək istəyən şəxslər aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:
(050) 713 04 08
(050) 302 26 83