Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisindəki idarə və təşkilatlarda, ali və orta məktəblərdə narkomaniya əleyhinə silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri «26 İyun – BMT-nin Narkotiklərlə Mübarizə günü»nə həsr olunmuş «Nəsimi rayon gəncləri nakomanlığa yox deyir!» mövzusunda tədbir olmuşdur. Tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir.
Nəsimi rayon İcra Hakimiyyəti rəhbərliyinin, Rayon Hüquq mühafizə orqanlarının, pedaqoji işçilərin və gənclərin nümayəndəlrinin iştirakı ilə keçirilən tədbiri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Nəsimi rayon komissiyasının sədri Anar Tağıyev açıq elan edərək bildirmişdir ki, son vaxtlarda Nəsimi rayonunda zəmanənin bəlası olan narkomaniyaya qarşı mübarizə tədbirləri daha da genişləndirilmişdir. Keçirilən tədbirlər epizodik deyil konkret olmalı və müvafiq qurumlar bu bəlaya qarşı mübarizədə öz əlaqələrini daha da möhkəmlətməlidirlər. Qeyd olunmuşdur ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox zəruridir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Həmçinin narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olaraq bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğuladı.
Anar Tağıyev rayonda narkomaniya probleminə qarşı mübarizə tədbirlərindən danışaraq qeyd etdi ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. O, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili məsələlərinin mühüm əhəmiyyət kəsb etdiyinə toxunaraq yay aylarında Nəsimi RİH tərəfindən təşkil olunan tədbirlər barədə məlumat vermiş, narkomaniya ilə bağlı keçirilən tədbirlərin əsas məqsədinin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu dəhşətli sosial bəla ilə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğulamışdır.
Tədbirdə çıxış edən, Nəsimi rayon Polis İdarəsinin şəxsi heyəti üzrə rəis köməkçisi Vüsal Rüstəmov, Nəsimi rayon Prokurorunun köməkçisi İsmayıl Rövşənov, Səhiyyə Nazirliyinin İctimai Səhiyyıə vıə İslahatlar Mərkəzinin şöbə müdiri Səbinə Babazadə və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev və digər çıxışçılar ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd etdilər. Bildirdilər ki, narkomaniya cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək qədər fəsadlar vurur. Çıxışlarda Narkomaniyaya qarşı mübarizədə dövlət qurumlarının, ictimaiyyət nümayəndələrinin, pedaqoji işçilərin, valideynlərin, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamısının zəruriliyi vurğulanmışdır.
Tədbirdə gənclərə narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verildi, onların təklifləri dinlənilərək sualları cavablandırıldı.
Tədbirdə rayonun idarə və təşkilatlarında, ilk növbədə orta və ali təhsil müəssisələrində nakomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin vacibliyi vurğulanmışdır.