Suriyada Türkmən dağının ələ keçirilməsi və burada yaşayan türkmənlərin qətliam təhlükəsi dünyanın diqqətindədir. Son xəbərlər 25 mindən artıq insanın qətliamla üz-üzə qaldığını göstərir.
Aktual.az-ın ANS-ə istinadən məlumatına görə, Suriyada türkmənlərin yaşadığı Türkmən dağı tam iki həftədir mətbuatın müzakirə mövzusudur. Türkmən dağı Bayırbucaq bölgəsinə hücum edən Rusiya, Əsəd və İran qüvvələri türkmənlərin yaşadığı bölgədə nəzarəti ələ keçirməyə çalışır.
Bununla da 25 min türkmən qətliam təhlükəsi ilə üz-üzədir. Əslində sosial şəbəkələrdə paylaşılan şəkilərə baxanda burda əsl qətliamın baş verdiyi qənaətinə gəlirsən. Amma bəzi informasiyalara görə, bu şəkillərin Türkmən dağında baş verənlərə aidiyyatı olmaya da bilər. İstənilən halda, Türkmən dağı və Bayırbucaq bölgəsi bu gün ən çox Türkiyəni narahat edir.
Bəzi məlumatlara görə, türkmən döyüşçülər arvad-uşaqlarını Türkiyə sərhədinə gətirib təkrar döyüşmək üçün geri qayıdırlar. İstanbul başda olmaqla Türkiyənin bir çox şəhərlərində isə türkmənlərə qarşı qətliamın dayandırılmasına hesablanan aksiyalar ara vermir.
Son məlumatlara görə, Əsəd, Rusyia və İran qüvvələri tərəfindən işğal edilən Zahidə dağı türkmən döyüşçülər tərəfindən geri alınıb.
Azərbaycanda da bu məsələ müzakirə mövzusudur. Türkmən dağında gedən şiddətli döyüşlərə müxtəlif cür yanaşmalar var.
Millət vəkili Fazil Mustafa da məsələyə maraqlı şərh verib. O, yazıb ki, Xəzər dənizi üzərindən Suriyaya uçan raketlər bizə lazımi mesajları verməkdədir. Bir gün gələcək, Azərbaycanın müstəqilliyi üçün ən ciddi təhlükə Rusyia-İran birliyi olacaq.
Aktual.az