Azərbaycan müstəqillik tarixində daim sülhün, əmin-amanlığın və qonşularla əməkdaşlığın təşviqinə böyük önəm verib. Ölkəmiz dövlətçilik ənənələrini qoruyaraq qonşu dövlətlərlə mehriban və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin qurulmasına çalışmış, regionda davamlı sülhün tərəfdarı olduğunu yalnız sözlə deyil, əməli addımlarla da göstərmişdir. Tarixi hadisələr göstərir ki, Azərbaycanın torpaqlarının təxminən 20 faizi işğal altında olmasına baxmayaraq rəsmi Bakı hər zaman münaqişənin həllində diplomatik və sülh yolu ilə nail olmağa üstünlük vermişdir ki, bu da regional sabitliyin qorunmasına xidmət etmişdir.
Azərbaycan qonşu dövlətlərlə səmimi dostluq və əməkdaşlıq prinsiplərinə sadiqliyini hər zaman nümayiş etdirib. Mövcud geosiyasi çətinliklər və regional gərginliklər fonunda rəsmi Bakı dəfələrlə bəyan etmişdir ki, Azərbaycan ərazisi heç vaxt digər ölkələrə qarşı hər hansı hərbi və ya siyasi məqsədlər üçün istifadə olunmayacaq. Bu prinsip ölkəmizin siyasətin əsas sütunlarından biri olub. Təəssüf ki, bəzi qonşu dövlətlərin davranışı Azərbaycanın sülhpərvər mövqeyinə uyğun olmamışdır. Xüsusilə İran İslam Respublikası Azərbaycanın dostluq və əməkdaşlıq jestlərinə zidd olaraq beynəlxalq hüququn norma və prinsiplərini pozaraq Naxçıvan Muxtar Respublikasının mülki obyektlərini dronla hədəf almışdır. İranın ölkəmizə qarşı düşmənçilik fəaliyyəti yeni deyil. Səfirliyimizə qarşı hazırlanan xain terror hücümu, diplomatik və media kanalları vasitəsilə Azərbaycanı hədəf götürməsi İranın ölkəmizə qarşı uzunmüddətli və sistemli düşmənçilik siyasətinin təzahürüdür.
Azərbaycanın sülh və stabillik mövqeyi İrandan fərqli olaraq yalnız sözlərlə deyil, əməllərlə də təsdiqlənir. Ölkə beynəlxalq təşkilatlarda fəal iştirak edir, regional iqtisadi, enerji və humanitar layihələrin inkişafına töhfə verir və münaqişələrin həllində vasitəçilik rolunu dəstəkləyir. Bu mövqe göstərir ki, Azərbaycan yalnız öz suverenliyini qorumaqla kifayətlənmir, həm də bütün Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi üçün konstruktiv və praktik addımlar atır.
Amma təəssüf ki, İran tam fərqli, insanlıq əleyhinə siyasət yürüdür. Mülki infrastrukturu hədəf götürmək bu siyasətin açıq göstəricisidir. İranın dronla ölkəmizə namərd hücumu regional gərginliyi artırmaqla yanaşı beynəlxalq hüquqa və insan hüquqlarına hörmətsizlikdir, çünki mülki obyektlərin qəsdən hədəf alınması savaş cinayəti hesab olunur. Onlar anlamalıdırlar ki, heç bir qüvvə Azərbaycanla təhdid dili ilə danışa bilməz. Qonşu işğalçı ölkədən ibrət götürməyin vaxtıdır. Regionun super gücü olan Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Suveren ölkəmizə qarşı uzanan çirkin əllər kəsiləcək. Ölkəmiz bu namərd hücumla barışmayacaq, necə ki, tarixi torpaqlarının işğalı ilə barışmadı!
Azərbaycan 50 milyon azərbaycanlının Vətəni kimi öz qüdrətli lideri ilə bütün maneələrin, təxribatların qarşısını almağa qadirdir!
Amin İsmayılov,
AMEA-nın müxbir üzvü, professor,
YAP İdarə Heyətinin üzvü
Xəbər 1632 dəfə oxunub.