Azərbaycanda prezident seçkiləri ilə bağlı seçki bülletenlərinin çapına başlanılıb.
Aktual.az xəbər verir ki, bülletenlər Milli Məclisin mətbəəsində çap edilir.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və MSK üzvləri bu gün mətbəədə yaradılan şərait və proseslə tanış olublar.
MSK sədri seçki bülletenlərinin çapı və aşağı seçki komissiyalarına verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə dəqiqliklə əməl edilməsi üçün tövsiyələr verib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
Xəbər 358 dəfə oxunub.