Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər proqramı açıqlanıb.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Səfər ikitərəfli münasibətlər tarixində əlamətdar hadisənin - 2022-ci ilin fevralın 22-də Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin ən yüksək səviyyədə imzalanmasının birinci ildönümünə təsadüf edəcək. Sənəd beynəlxalq məsələlərdə və hərbi-siyasi əməkdaşlıqda koordinasiyanın gücləndirilməsini, terror təhlükəsinə qarşı mübarizədə qüvvələrin birləşdirilməsini, iqtisadi əməkdaşlığın qurulmasını və humanitar sahədə dialoqun genişləndirilməsini nəzərdə tutur”, - məlumatda qeyd edilib.
S.Lavrovun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi və xarici işlər naziri Ceyhun Bayramovla da danışıqları da nəzərdə tutulub.
XİN-in bəyanatında bildirilib ki, ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin hərtərəfli müzakirəsi, regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Qeyd edək ki, Lavrovun Bakıya səfəri fevralın 27-28-i üçün nəzərdə tutulub.
Xəbər 269 dəfə oxunub.