Beynəlxalq Futbol Federasiyası (FIFA) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının iştirakçı komandalarının sayının 48-ə qədər artırılması imkanına baxır.
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu FIFA prezidenti Canni İnfantino Asiya Futbol Konfederasiyasının konqresində çıxışı zamanı deyib.
C.İnfantino 2026-cı il dünya çempionatının final mərhələsində komandaların sayını 32-dən 48-dək artırmaq qərarına gəldiklərini deyib:
"Bəs bu, 2022-ci il mundialında baş verəcəkmi? Əgər mümkündürsə, niyə də yox? Hazırda bu məsələni Qətərdən olan və regiondakı digər dostlarımızla müzakirə edirik və bu yeniliyin həyata keçəcəyinə ümid edirik".
Qeyd edək ki, 2022-ci il dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərin 7 şəhərində keçiriləcək.