Bakı metropolitenində stansiya, şaxta və tunellərin ventilyasiya sistemi may ayının 15-dən noyabr ayının 15-dək yay qrafikinə keçirilib.
Bu haqda Modern.az-a "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O qeyd edib ki, bununla əlaqədar ventilyatorların yeni 1 və 2 №-li iş qrafiki tətbiq edilib:
"Keçən ildən metropolitendə ventilyatorların iş rejimi ilə bağlı xüsusi tədbirlər planı həyata keçirilir. Yeni yay qrafiki ilə bağlı görülən işlər sırasında stansiyalarda təbii hava axınının intensivliyinə xüsusi diqqət ayrılıb. Təbii hava axını yenidən öyrənilib və uyğun ventilyasiya rejimi tətbiq edilib, bu da stansiyalarda mikroiqlim şəraitinin, o cümlədən ventilyasiya sisteminin daha da yaxşılaşdırılmasına xidmət edir. Digər tərəfdən havanın mikroiqlim parametrlərinin öyrənilməsi və ölçülməsi konkret yerlərdə müvafiq iş rejiminin tətbiq olunması barədə nəticələr əldə etməyə imkan verib. Bu işlərlə yanaşı, istismar müddəti başa çatmış və yeni rejimi təmin etməyə qadir olmayan bir sıra ventilyatorlar yeniləri ilə əvəz edilib.
Metropolitendə münasib hava şəraitinin yaradılması, həm də stansiya və tunellərin təmizliyindən də asılıdır. Bunun üçün tunellərin yuyulma üsullarında dəyişikliklər edilib.
Onu da əlavə edək ki, IV İslam Həmrəyliyi Oyunları ərəfəsində stansiya və tunellərdə havanın mikroiqlim parametrləri ilə bağlı bir daha monitorinq keçirilib. Buna əsasən yarışların keçiriləcəyi və şəhər mərkəzinə yaxın stansiyalarda sərnişin axınının daha sıx və gur olması nəzərə alınaraq, stansiyaların iqlim şəratinin normativlər çərçivəsində saxlanılması xüsusi nəzarət altına götürülüb və ventilyatorların işi normaya uyğunlaşdırılıb”.
Aktual.az
Xəbər 277 dəfə oxunub.