Bakı Apellyasiya Məhkəməsində Bakı ş. sakini Vasif Məmmədovun CM-nin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Aktual.az xəbər verir ki, 2015-ci il avqustun 16-da Əhmədli qəsəbəsinin Sarayev küçəsində Xətai RPİ 34-cü polis bölməsinin əməkdaşları üzərində zorakılıq əlamətləri ilə naməlum kişi meyiti aşkar ediblər, ətrafda damcıvarı şəklində qan ləkələrinin olması müəyyən edilib.
Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, mərhumun ölümünə ağ ciyərlərinin zədələnməsindən inkişaf etmiş kəskin qanitirmə səbəb olub. İstintaq-əməmliyyat yolu ilə səhərisi gün öldürülən şəxsin Suraxanı rayon sakini İmaməli Qəmbərov (1971-ci il təv.) olması müəyyən edilib
İstintaqın gedişatında mərhumun yaxın ətarfı araşdırılıb və ayın 18-də şühəli şəxs qısmində polis əməkdaşları tərəfindən şəhər sakini Vasif Məmmədov saxlanılıb. Dindirmə zamanı sonuncu dostu İmaməlini onun ünvanına ağır söyüşlər işlətdiyinə görə öldürdüyünü etiraf edib.
Məhkəmə prosesində V.Məmmədov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, cinayətin onun tərəfindən törədildiyini və hadisə baş verərkən yanlarında artıq heç kimin olmadığını qeyd edib. Həmin axşam onlar "Əhmədli" metrostansiyasının yaxınlığında fəaliyyət göstərən kafedə yemək yiyərkən 1 litr araq içiblər, təxminən saat 23 radələrində oradan çıxıblar. Onlar bir neçə il idi ki tanış idilər, aralarında dostluq münasibətləri olub. Məmmədovun sözlərinə görə, o evə getməyə hazırlaşsa da, dostu evə getmək istəməyib və onu küçədə tək qoyub, çıxıb, getməsini deyib. Lakin Vasif İmaməlini başa salmağa çalışıb ki, artıq gecdir və evə getmək lazımdır. Onun bu hərəkətindən hiddətlənən Qənbərov ondan əllərini buraxmasını tələb edib və ünvanına ana söyüşü işlədib. Yaşayış binasına 150-200 metr qalmış Vasif İmaməlinin qollarını buraxıb və sonuncu onun üzərinə gələrək, əl-qol atmaqla söyüş söyməkdə davam edib. Dostunun sərxoş hərəkətlərindən əsəbiləşən Məmmədov cibindən açılıb-qatlanan bıçağı çıxararaq Qəmbərova 2 zərbə vurub, sonuncu yerə yıxılaraq, zarımağa başlayıb. Vasif isə "bunu istəyirdin?" deyərək hadisə yerindən gedib. Onun fikrincə, onların münaqişəsini heç kim görməyib, çünki küçədə heç kim gözünə dəyməyib. Təqsirləndirilən şəxs əməlindən peşman olmadığını bildirib.
Zərərçəkən məhkəmədən təqsirləndirilən şəxsə ittiham olunduğu maddələrin sanksiyası həddində cəza təyin edilməsini xahiş edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vasif Məmmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il müddətinə azadlıqdan məhrum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib, cəzasının azaldılmasını xahiş etsə də, Bakı Apellyasiya Məhkəməsinin birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Aktual.az
Xəbər 1117 dəfə oxunub.