“Gender Bərabərliyi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı ““Ailə məktəbi” kursunun təşkili” layihəsi çərçivəsində “Boşanmalar zamanı baş verənlər və sonrakı fəsadlar” mövzusunda növbəti təlimini keçirib.
Aktual.az xəbər verir ki, “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin ofisində keçirilən təlimdə “Gender Bərabərliyi” İctimai Birliyinin sədri Şəkər xanım Əliyeva layihə barəsində ətraflı məlumat verərək təlimçiləri təqdim edib.
Təlimə ekspert qismində cəlb edilən “Qızıl Aypara cəmiyyətinin İcmaya əsaslanan sağlamlıq proqramının” rəhbəri, tibb elmləri namizədi, həkim-pediatr Mətanət Qaraxanova gənclərə müasir gəncliyi təqib edən və sağlam ailənin təməlini sarsıda biləcək xəstəliklər barədə danışıb.
Daha sonra təlimdə çıxış edən psixoloq Mehriban Qafarova “Boşanmaya səbəb olan psixoloji problemlərin öncədən müəyyən olunması” mövzusunda çıxış edərək təlim iştirakçılarına sözü gedən psixoloji problemlər barədə geniş şəkildə bəhs edib.
Ekspert Gülər Adıgözəlzadə “Boşanmaların tərəflərə, uşaqlara və cəmiyyətə vurduğu ziyan” mövzusunda gəncləri məlumatlandırıb, sözü gedən mövzuya ictimai yöndən aydınlıq gətirib.
Sonda həkim Fikrət Xəlilov nikahadək tibbi müayinənin zəruriliyindən danışaraq təlim iştirakçılarının suallarını cavablandırıb.