Dövlət Statistika Komitəsindən (DSK) "Report"a verilən məlumata görə, 2016-cı il iyulun 1-ə olan məlumata əsasən iqtisadi fəal əhalinin sayı 4953,1 min nəfər olub, onlardan 4707,9 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Bu ilin iyunun 1-dək olan statistikaya əsasən, muzdla işləyənlərin sayı 1501,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 891,3 min nəfər, qeyri-dövlət sektorunda isə 610,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,4 min nəfər, qeyri-neft sektorunda isə 1467,3 min nəfər çalışır.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 21,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 6,5 faizi tikintidə, 6,1 faizi emal sənayesində, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2 faizi mədənçıxarma sənayesində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində işləyir.
Xidmət sahəsində işləyənlərin 22,6 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,9 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi istirahət, əyləncə və incəsənət, 3,6 faizi peşə, elmi və texniki fəaliyyət, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi informasiya və rabitə, 1,6 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışırlar.
2016-cı ilin yanvar-may aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,2 saat təşkil edib.
Bu ilin iyul ayının 1-dək olan statistikaya əsasən, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 34,5 min nəfər olub. Onların 37,8 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 248,1 manat olub.