Ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə iyunun 1-dən 15-dək aparılan araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 117 akt və protokol tərtib olunub.
Aktual.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 25 müddətli "məcburi göstəriş" verilib.
Ümumilikdə, 17 iş üzrə 31700 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 4 iş üzrə 5352.45 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 249 iş üzrə 38864.77 manat məbləğində ödəmə tətbiq edilib.
Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 18, icra qurumlarına 9, məhkəmələrə isə 4 iş göndərilib.