Prezident İlham Əliyev Xalq şairi, Prezidentin fərdi təqaüdçüsü Söhrab Əbülfəz oğlu Tahirin ölümü ilə bağlı nekroloq imzalayıb.
Aktuaal.az nekroloqun mətnini təqdim edir:
"Azərbaycanın ədəbi ictimaiyyətinə ağır itki üz verib. Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Söhrab Əbülfəz oğlu Tahiri 2016-cı il mayın 4-də ömrünün 90-cı ilində vəfat edib.
Söhrab Tahiri 1926-cı il may ayının 27-də İranın Astara şəhərində anadan olub. Sonralar o, ailəsi ilə birlikdə Kirmanşah şəhərinə köçərək orada orta məktəbdə oxuyub və “İran-ingilis neft şirkəti”ndə çalışıb. Təhsilini davam etdirmək məqsədilə Bakıya gələn Söhrab Tahiri 1946–1950-ci illərdə Bakı Hərbi Məktəbinin, 1952–1957-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olub.
1959–1961-ci illərdə Moskvada müdavimi olduğu Qorki adına Ali Ədəbiyyat kursunu bitirdikdən sonra Bakıya qayıdan Söhrab Tahiri “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, “Azərbaycan” qəzetinin və “Azərbaycan” jurnalının redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalının redaktoru, 1986–1991-ci illərdə isə Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri işləyib.
Söhrab Tahiri 1993–2003-cü illərdə Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitutunun, 2003-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı olub.
Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri Söhrab Tahiri dolğun və mənalı yaradıcılıq yolu keçib. Ədəbiyyat aləminə 1949-cu ildə “Azərbaycan” qəzetində dərc edilmiş şeiri ilə gələn şair həyatının altmış ildən artıq bir dövrü ərzində ədəbi söz xəzinəmizə dəyərli töhfələr verib. Söhrab Tahiri poeziyası ənənəyə yaradıcı münasibətilə səciyyələnmiş və özünəməxsus obrazlılıq tərzi, üslub keyfiyyətləri, poetik axıcılığı sayəsində daim oxucularının rəğbətini qazanıb. Ana dilinə hədsiz məhəbbətlə yanaşaraq onun misilsiz bədii imkanlarından məharətlə faydalanan sənətkarın yaradıcılığı milli-mənəvi dəyərlərin təbliğinə, vətənpərvərlik hisslərinin aşılanmasına xidmət göstərir. Poeziyamızın azadlıq ideyaları ilə zənginləşməsində və gənc nəslin tarixi-mədəni irsə bağlılıq ruhunda tərbiyəsində onun yaradıcılığının böyük əhəmiyyəti var.
Söhrab Tahirinin 30-dan çox kitabda toplanmış şeir və poemalarının, hekayə, povest və romanlarının başlıca leytmotivini Azərbaycana dərin bağlılıq, xalqın azadlıq uğrunda mübarizəsinin və zəngin mənəvi dünyasının tərənnümü təşkil edirdi. Bütün yaradıcılığı boyu azərbaycançılıq məfkurəsinə sadiq qalan şair Azərbaycan xalqının əsrlər boyu yaşadığı mürəkkəb tarixi keçmişin ən kəşməkəşli mərhələləri ilə bağlı fikir və düşüncələrini əsərlərində məharətlə əks etdirib. Onun parlaq bədii dillə qələmə aldığı bu əsərlər xalq ruhuna dərindən bağlılığı və geniş epik lövhələrin zənginliyi ilə seçilir. Söhrab Tahiri şeir və nəsrlə yanaşı, ədəbi-tənqidi və publisistik məqalələrin müəllifi kimi də tanınırdı.
Söhrab Tahirinin uzunmüddətli ədəbi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə bir sıra fəxri ad və medallarla təltif edilmiş, Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülüb.
Xalq şairi Söhrab Tahirinin əziz xatirəsi onun tanıyanların qəlbində həmişə yaşayacaq".