İlham Əliyev “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 97-VQ nömrəli Qanununun tətbiqi barədə Fərman imzalayıb.
Fərmanda deyilir:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsinin, uşaq evləri sosial xidmət müəssisəsinin, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinin, məktəbəqədər təhsil müəssisəsinin, ümumtəhsil məktəbinin, ilk peşə-ixtisas təhsili müəssisəsinin, orta ixtisas təhsili müəssisəsinin, ali təhsil müəssisəsinin, xüsusi təhsil müəssisəsinin və ailə tipli kiçik qrup evinin nümunəvi nizamnamələrini üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi icra hakimiyyəti orqanı həyata keçirir;
2.2. həmin Qanunun 4.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Vergilər Nazirliyi həyata keçirir;
2.3. həmin Qanunun 6.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.4. həmin Qanunun 6.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi həyata keçirirlər.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.