Alimlər xroniki stresi insanın sağlamlığı üçün ən ziyanlı amillərdən biri kimi qiymətləndirirlər.
Aktual.az saglamolun.az-a istinadən xəbər verir ki,uzunmüddətli stress orqanizmə məhvedici təsir edir. Həkimlər bunu "domino effekti" adlandırırlar. Xroniki stress ürək-damar, sinir, mədə-bağırsaq, endokrin kimi orqanizmin əsas sistemlərinə çox mənfi təsir edir, orqanizmdə olan tarazlığı pozur ki, nəticədə orqanizm domino daşlarından tikilmiş fiqur kimi dağılmağa başlayır.
Bu səbəbdən stresdən mütləq mübarizə aparmaq lazımdır. Stress vəziyyətinə düşdükdə, gözləməyin, dərhal hərəkətə keçin.
Bu kimi sadə üsullar stresi başlanğıc mərhələsində söndürə bilər.
1. Saqqız çeynəyin.Alimlər sübut edir ki, çeynəmə hərəkətləri stresin azalmasına kömək edir.
2. Musiqiyə qulaq asın. Yeniyetmələr arasında aparılmış araşdırmalar sübut edib ki, musiqi stresin xeyli azalmasına və əhval-ruhiyyənin yaxşılaşmasına kömək edir. Xoşladığınız musiqiyə qulaq asın, bu rəqs musiqisi, rok və ya əksinə klassik, həzin musiqi ola bilər.
3. Efir yağlarını iyləyin. Lavanda, portağal, qızılgül, vanil efir yağları insanı sakitləşdirir, stresin azalmasına kömək edir.
4. Düzgün nəfəs alın. Stress zamanı insan tez-tez qeyri-sabit nəfəs alır. Bu da həyacanı, qorxunu, stresi artırır. Adi düzgün nəfəsalma insanı sakitləşdirə bilər. Bunun üçün düz oturun, burnunuzla asta və dərin nəfəs alın və asta nəfəs verin. Döş qəfəsinin hərəkətlərinə fikir verin. Bunu 10-15 dəfə edin.
5. Fiziki işlə və ya idmanla məşğul olun. Bir çox qadınlar etiraf edə bilərlər ki, stress zamanı ev işləri ilə məşğul olduqda stresin azalmasını hiss edirlər. Kişilər bu məqsədlə idman zalına gedə bilərlər.
Aktual.az