Bu ilin sentyabr ayında Bakı şəhərinin ilkin yaşayış mənzil bazarında satışa təklif olunan tam təmirsiz ("pod mayak") mənzillərin orta təklif qiyməti 3,09% azalaraq 1 037 dollar/кv.m-dən 1 005 dollar/кv.m-ə, milli valyuta ilə isə 3,13% azalaraq 1 087 manat/кv.m-dən 1 053 manat/кv.m-ə düşüb.
Aktual.az Report-a istinadən "MBA Consulting Group" şirkətinin monitorinq qrupunun açıqladığı aylıq hesabata əsasən, ilkin yaşayış mənzil bazarında təklif edilən mənzillərin əksər hissəsini, ümumi portfelin 65%-ni 1000 dollar/kv.m-ə qədər olan ucuz mənzillər təşkil edir. Qiyməti 1000-1500 dollar/kv.m aralığında olan orta mənzillərə düşən pay isə 28%-dir. Qeydə alınan orta bazar qiymətləri isə müvafiq olaraq 725 dollar/kv.m və 1140 dollar/kv.m-dir. Ümumi təklif portfelinin qalan 7%-ni isə qiyməti 1500 dollar/kv.m-dən yuxarı olan bahalı mənzillər təşkil edib, burada qeydə alınan orta qiymət isə 2080 dollar/kv.m olub.
İlkin yaşayış mənzil bazarında kv. metrin qiymətinə görə təklif olunan ən bahalı mənzil 5-otaqlı və təmirsiz olub. Nəsimi rayonunda, Cavanşir (keçmiş Qaqarin) körpüsü yaxınlığında yerləşən 264 kv.m sahəyə malik olan, tam təmirsiz mənzilin satışa təklif olunan ilkin qiyməti 3200 dollar/kv.m təşkil edib. Ən ucuz mənzil isə Abşeron rayonu, Xırdalan şəhərində (104 kv.m olan 2-otaqlı yeni tikili mənzil, 400 dollar/kv.m) qeydə alınıb.
Ay ərzində təklif qiyməti Abşeron, Binəqədi, Nizami, Səbail, Suraxanı, Xətai və Yasamal rayonlarında azalıb, Nərimanov, Nəsimi, Qaradağ və Sabunçu rayonlarında isə nisbətən artıb.
Bazarda mənzillərin 1 kv.m-in orta qiymətindən (1005 dollar) aşağı olan mənzillər ümumi portfеldə daha çoх paya (59.0%) malik olub. Bazara təklif olunan yeni tikili mənzillərin orta sahə göstəricisi 108 kv.m, hər otağın orta satış qiyməti 51 000 dollar, mənzilin orta qiyməti isə 122 300 dollar təşkil еdib.