Depressiya əleyhinə bəzi dərmanlar intihara meyilliliyi artırır

Depressiya əleyhinə bəzi dərmanlar intihara meyilliliyi artırır

Depressiya əleyhinə istifadə edilən bəzi dərmanlar insanlarda intihara meyilliliyi artırır. Ona görə də depressiya əleyhinə dərmanlardan istifadə edərkən çox ehtiyatlı olmaq lazımdır.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, Bunu Azərbaycan Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Fuad İsmayılov deyib.

Hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da əhalinin 10-15 faizinin depressiyadan əziyyət çəkdiyini deyən F.İsmayılov qeyd edib ki, depressiyaya düşən xəstələrin 20 faizində intihara meyillilik var.

Depressiyanın müalicəsində dərmanlardan kortəbii şəkildə istifadənin düzgün olmadığını deyən professorun sözlərinə görə, depressiyanın müalicəsi üçün istifadə edilən antidepressant dərmanlar stimullaşdırıcı, sakitləşdirici, eyni zamanda həm sakitləşdirici, həm də stimullaşdırıcı effektə malik olur: "Adətən, stimullaşdırıcı effektə malik antidepressant dərmanlar insanda apatiya, həvəssizlik, özünəqapanma yarandığı zaman istifadə edilməlidir. Lakin bu dərmanlar düzgün qəbul edilmədikdə insanda intihara meyillilik artır. Ona görə də bu dərmanlara çox ehtiyatla yanaşılmalıdır. Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənmiş klinik protokol var. Protokolda antidepressantların nə zaman təyin edilməli olduğu yazılıb. Həmin protokoldan xəbəri olmayan adi insan özü üçün necə dərman ala bilər?”

Mərkəz direktoru bildirib ki, başqa dərmanlarda olduğu kimi, antidepressantların da yan təsirləri var. Buna görə də həkimlər bu dərmanları insanlara yalnız müayinə prosedurundan sonra yaza bilərlər.

F.İsmayılov sadalanan bu səbəblər üzündən depressiya əleyhinə dərmanların reseptsiz satılmasının da düzgün olmadığını deyib.

Azərbaycan Tibb Universitetinin Psixiatriya kafedrasının professoru, tibb elmləri doktoru Zəfər Əliyev Trend-ə bildirib ki, əgər insanda intihara meyillilik varsa, onda stimullaşdırıcı effektə malik antidepressant dərmanlardan özbaşına istifadə bu meyilliliyi qat-qat artırır.

Z.Əliyevin sözlərinə görə, depressiya əleyhinə dərmanlar özbaşına qəbul edildikdə xəstəliyin bəzi əlamətləri dərmanın təsiri nəticəsində itir. Bu da həkimlər üçün düzgün diaqnoz qoymağa və düzgün müalicə aparmağa çətinlik törədir. Bundan başqa, dərman həkim məsləhəti ilə qəbul edilmədiyi zaman xəstə tərəfindən doza həddini aşma halı ola bilər ki, bu da arzuolunmaz halların yaranmasına gətirib çıxara bilər.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov isə Trend-ə bildirib ki, depressiya əleyhinə dərmanların əksəriyyəti psixotrop maddələrin siyahısına aiddir. Ona görə də onlar mütləq apteklərdə reseptlə satılmalıdır: “Psixotrop dərman vasitələrinin reseptdə yazılışı və onların apteklərdən reseptlə buraxılması ilə bağlı qaydalara görə, uçotu aparılan psixotrop dərman vasitələri mütləq reseptlər əsasında satılmalıdır. Bu reseptlərdə yalnız uçotu aparılan psixotrop dərman vasitəsinin adı göstərilməlidir, dərman da resept əsasında satılmalıdır”.

P.Əzizbəyov əlavə edib ki, reseptlə satılan dərmanların reseptsiz satılmasına görə bu ilin yanvar-sentyabr ayları ərzində 23 aptek İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən xüsusi inzibati məsuliyyətə cəlb edilib.

Xatırladaq ki, depressiyadan həssas qruplar daha çox əziyyət çəkirlər. Eyni zamanda depressiya kişilərlə müqayisədə qadınlar arasında iki dəfə çox müşahidə edilir. Bu, qadınların daha çox emosional, eyni zamanda həssas olması, onların depressiya əlamətlərini hiss etdikdə həkimə daha tez müraciət etməsi ilə izah edilə bilər.

Ddepressiya insanda birinci dəfə yaranırsa, onda 50 faiz ehtimalla həmin şəxs ikinci dəfə depressiyaya düşə bilər. Depressiya 2 dəfə yarandıqda onun 3-cü dəfə baş vermə ehtimalı 75 faizə, 3 dəfə olduqda isə 4-cü dəfə baş vermə ehtimalı 90 faizə yüksəlir.

Xəbər 767 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR