Azərbaycan əhalisinin sayı açıqlanıb.
Aktual.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 73 min nəfər və ya 0,8 faiz artaraq 2015-ci il sentyabrın 1-i vəziyyətinə 9 666 min nəfərə çatıb.
Belə ki, əhalinin sıxlığı bir kvadrat kilometrə 112 nəfərdir. Əhalinin 53,1 faizi şəhər, 46,9 faizi isə kənd sakinləridir. Əhalinin 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Hazırda orta hesabla hər 1000 kişiyə 1009 qadın düşür.
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ilin yanvar-avqust ayları ərzində 37,2 min ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə hesabı ilə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə (5,9) qalıb.
Həmçinin yanvar-avqust ayları ərzində ölkədə 109 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,2 təşkil edib. Doğulan körpələrin 53,2 faizini oğlan, 46,8 faizini qız uşaqları təşkil edir. Doğulan körpələrdən 1970-i əkiz, 63-ü isə üçəmdir.
Bundan başqa əhalinin əmək haqqlarında da artım qeydə alınıb. Cari ilin yanvar-avqust aylarında ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,4 faiz artaraq 460,1 manat təşkil edib. Əmək haqqı neft sektorunda 2101,3 manat, qeyri-neft sektorunda 420,1 manat təşkil edib.
Eyni zamanda, əmək haqqı dövlət sektorunda 357,3 manat, özəl sektorunda isə 603,5 manat olub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq əmək haqqı 17,4 % artaraq 1000,1 manat təşkil edib.