“1990-cı ilin 20 yanvarı çağdaş tariximizə qürur və şərəf mübarizəsi tarixi kimi daxil olub”
Aktual.az 7News.az-a istinadən xəbər verir ki, bu sözləri saytına ASGA Analitik Təhlil Mərkəzinin rəhbəri, icmalçı Azər Verdiyev 20 Yanvar hadisələrini şərh edərkən deyib. Azərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 26 il ötdüyünü deyən A.Verdiyev hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlindiyini bildirdi: “1990-cı il yanvarın 20-də baş verən faciəli hadisələr süquta uğrumaqda olan sovet imperiyasının mənfur repressiya maşınının xalqımıza qarşı törətdiyi amansız cinayət idi. Həmin gün 130-dan çox dinc insanın xüsusi qəddarlıqla qətlə yetirilməsi, 1000-ə yaxın insanın yaralanması, şübhəsiz, xalqımız üçün böyük dərd, faciə idi. Lakin eyni zamanda, bu hadisə xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsi olmaqla, çağdaş tariximizə qürur və şərəf mübarizəsi kimi daxil oldu.
Tarixi prizmadan yanaşdıqda, aydın olur ki, 20 Yanvara aparan yol 1988-ci ilin ziddiyyətli hadisələrindən başlanır. Keçmiş imperiya rəhbərliyinin xeyir-duası ilə Ermənistanın Azərbaycana qarşı başladığı ərazi iddiaları nəticə etibarilə xalqımızın milli müstəqillik və istiqlaliyyət uğrunda mübarizəsinə impulslar verdi. Xalqımız ölkəmizin ərazi bütövlüyünu qoruyub saxlamaq üçün 1988-ci ildə öz iradəsini ortaya qoydu. Respublika vətəndaşları İttifaq mərkəzinin Azərbaycana qarşı məqsədli şəkildə həyata keçirdiyi məkrli plana etiraz edir, Dağlıq Qarabağdakı ermənilərin separatçı və ekstremist hərəkətlərinin qarşısının alınmasını, haqq-ədalətin bərpa olunmasını istəyirdi. Ərazisinin ilhaq edilməsi cəhdlərinə qarşı qətiyyətlə çıxan xalqımızın milli ruhu, özünüdərk hissi yüksəlmiş, müqavimət əzmi artmışdı. Həmin dövrdən başlanan ümumxalq hərəkatı meydan epopeyası kimi yüksək zirvəyə yüksəlmişdi. Rejimin həyata keçirdiyi repressiv tədbirlər Azərbaycanda meydan hərəkatının qarsını müəyyən qədər alsa da, xalqın içində olan narazılığı qətiyyən boğa bilmədi”
Azərbaycanın informasiya blokadasına alındığı bir şəraitdə baş vermiş həqiqətləri operativ surətdə dünya ictimaiyyətinə çatdırmaq zərurəti yarandığını deyən A.Verdiyev Heydər Əliyevin hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadim olduğunu diqqətə çatdırdı: “Dəhşətli faciəyə kəskin etiraz olaraq 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli liderimiz Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadimlərdən idi. Ulu öndərin qətiyyətli mövqeyi respublikamızın informasiya blokadasına alındığı ağır günlərdə totalitar rejimə ağır və sarsıdıcı zərbə oldu. Heydər Əliyev çıxışında kommunist rejiminin gerçək simasını açmış, xalqımızın suveren hüquqlarına qəsd olunduğunu bildirmiş, anneksiya siyasətinə qəti etirazını ifadə etmişdi. Böyük öndər üzləşdiyi təzyiqlərə məhəl qoymadan, öz cəsarəti, yenilməzliyi ilə Azərbaycana sədaqətini göstərmişdi. Psixoloji və ruhi sarsıntı içərisində yaşayan azərbaycanlılar 1990-cı il yanvarın 21-də onun Moskva nümayəndəliyinin binasında qəzəbli və qətiyyətli bəyanatının doğurduğu əks-sədanı eşitdilər. Heydər Əliyev bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham edirdi. ”