Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 20 Yanvar faciəsinin ildönümüylə bağlı anım tədbiri keçirilib.
Aktual.az report-a istinadən bildirir ki, bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazir Səlim Müslümov 1990-cı ilin 20 Yanvar gününün Azərbaycan tarixinə yalnız bir faciə günü kimi yazılmadığını, onun həm də xalqımızın müstəqillik iradəsinin sarsılmazlığını dünyaya nümayiş etdirən bir qəhrəmanlıq tarixi olduğunu vurğulayıb.
Nazir bildirib ki, Prezident İlham Əliyevin 2006-cı il 19 yanvar tarixli fərmanı ilə 20 Yanvar şəhidlərinin ailə üzvləri ayda 300 manat Prezident təqaüdü ilə təmin olunurlar: "Habelə 20 Yanvar əlillərinə aylıq sosial müavinətlə və ya əlilliyə görə əmək pensiyası ilə bərabər, aylıq Prezident təqaüdü də ödənilir. Dövlət başçısının 16 yanvar 2016-cı il tarixli fərmanı ilə həmin təqaüdlərin məbləği 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş I qrup əlillər üçün 150 manatdan 165 manata, II qrup əlillər üçün 130 manatdan 143 manata, III qrup əlillər üçün isə 100 manatdan 110 manata qaldırılıb. Digər tərəfdən, əmək pensiyası təyin edilən şəhid ailəsi üzvünün hər birinə yaşa görə əmək pensiyasının baza hissəsinin 85 faizi məbləğində əlavə hesablanır".
S.Müslümov bildirib ki, 20 Yanvar əlilləri və şəhidlərinin ölkənin ali və orta ixtisas təhsil müəssisələrində ödənişli təhsil alan uşaqlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir: "Qeyd olunanlarla yanaşı, indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 65 nəfər 20 Yanvar əlili və 20 Yanvar şəhidinin ailəsini mənzillə, 82 nəfər 20 Yanvar əlilini minik avtomobili ilə təmin edib. Bu təbəqədən olan insanların bütün sahələrdə təminatlarının gücləndirilməsi, 20 Yanvar əlillərinin tibbi-sosial reabilitasiyası, sosial-məişət problemlərinin həlli, asudə vaxtlarının təşkili və s. daim diqqətdə saxlanılır. Bununla yanaşı, hər il olduğu kimi, bu il də 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar 20 Yanvar əlillərinə və şəhidlərinin ailələrinə birdəfəlik maddi yardım ayrılıb".
Anım tədbiri kinorejissor, ssenarist Vahid Mustafayevin 1990-cı ilin 20 yanvar hadisələrinə həsr olunan "Qanlı yanvar" filminin nümayişi ilə davam edib.