"Narkotik tələbatımı ödəmək üçün oğurluq eləmişəm"
Paytaxtın Xətai rayonunda avtomobillərə qənim kəsilən şəxs saxlanılıb.
Bakı şəhər sakini Elnur Hüseynov Xətai rayonu, Zığ yolu, ev 42-nin qarşısında “KİA” markalı avtomobilindən şüşəni sındırmaq yolu ilə 6 ədəd bankomat kartı və geyim əşyası oğurlanması parədə polisə məlumat verib.
Xətai rayon polis idarəsinin əməliyyatçıları tez bir zamanda həmin cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini 35 yaşlı Samir Babayevi saxlayaraq istintaqa təhvil veriblər. Onun üzərinə baxış keçirilərkən narkotik vasitə olan heroin də aşkarlanaraq götürülüb. Samir Babayevin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun silsilə oğurluqlar törətməsi üzə çıxıb.
3 ilə yaxındır ki, narkotik aludəçisi olduğunu deyən Samir oğurluqları da məhz narkotikə olan tələbatını ödəmək üçün etdiyini söyləyib.
Samir Babayev - saxlanılan şəxs: "Xətai rayonunda olub bir dəfə, öz ərazimizdə, Əhmədli tərəfdə. Maşının şüşəsini sındırıb, girmişəm maşına, pul çıxıb oradan. Çox vaxt pul çıxmırdı. Təxminən, 16-17 maşın olub. Narkotik tələbatımı ödəmək üçün oğurluq eləmişəm. Ağrılarım var, çəkirəm, iyləyirəm".
Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Saxlanılan şəxsin oxşar cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
// Region TV