Daxili işlər orqanları tərəfindən cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat keçirilib.
Aktual.az-ın xezerxeber.com-a istinadən verdiyi məlumata görə, qanunsuz dövriyyədən külli miqdarda saxta əsginaslar, narkotik vasitələr çixarılıb və vətəndaşdan hədə-qorxu ilə pul tələb edən şəxs ifşa edilib.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şərur sakini Röyal Nəsirovu 2 min manat saxta əsginası 700 dollara satan zaman saxlayıb. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun Nərimanov rayonunda kirayədə qaldığı mənzildən 36 ədəd 100 manatlıq, 65 ədəd 50 manatlıq, 72 ədəd 20 manatlıq və 39 ədəd 5 manatlıq olmaqla 8485 manat saxta saxta pul aşkar edilib.
Baş İdarə əməkdaşları Xaçmaz sakini Cəlal Məmmədova hədə-qorxu gələrək, ondan 3 min manat tələb edən Sumqayıt sakini Mehman Məmmədovu paytaxtın Nizami rayonunda həmin məbləği alarkən tutublar. İndi əməliyyatçılar onun buna bənzər əməllərinin olub-olmamasını araşdırırlar.
Növbəti əməliyyat zamanı isə külli miqdarda narkotik maddənin dövriyyəyə buraxılmasının qarşısını alıb. Polis Siyəzən rayon sakini Röyal İlyasovdu 5 kiloqramdan artıq marixuananı 30 min manata satmaq istəyən zaman iş başında tutub.
Hər üç faktla bağlı Baş İdarəinin İstintaq şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam edir.