2 boksçumuz cəzalandırıldı

2 boksçumuz cəzalandırıldı

Azərbaycanın boks üzrə olimpiya mükafatçısı Lorentso Sotomayorla dünya çempionu Elvin Məmişzadənin "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməmələrinin səbəbi açıqlanıb.

Aktual.az xəbər verir ki, bu barədə report-a komandanın böyük məşqçisi Nəriman Abdullayev məlumat verib.

N.Abdullayev bildirib ki, Sotomayor tarixi vətəni Kubada istirahət zamanı məşqçilərin proqramını gözləməyib: "Onda çəki ilə bağlı problem oldu. Kubada olduğu müddətdə idmançı rejiminə əməl etməmişdi. İslamiada öncəsi xeyli çəki salmalı idi. Amma bunu edə bilmədi. Yuxarı çəkidə çıxış etmək istəyinə isə biz razı olmadıq. İdmançı rejiminə əməl etmədiyi üçün barəsində cəza tədbiri görüldü. Amma kollektivdaxili məsələ olduğu üçün cəzanı açıqlamaq istəmirəm. Əlbəttə, xoşagəlməz hərəkətdir. İnanıram ki, gələcəkdə səhvini düzəldəcək".

N.Abdullayev bu məqamı və qolundan zədəli olduğunu nəzərə alaraq, Sotomayoru İslamiadaya buraxmadıqlarını söyləyib.

Təcrübəli mütəxəssisin sözlərinə görə, Məmişzadə də çəkisini gözləməyib. Nəticədə o, "Böyük İpək Yolu" beynəlxalq turniri ilə "Bakı 2017"yə buraxılmayıb və yığmadan bir müddət kənarda qalıb.
İndi hər iki boksçunun bağışlandığını deyən böyük məşqçi onların Avropa çempionatına hazırlaşdıqlarını söyləyib: "İnanıram ki, Məmişzadə ilə Sotomayor yenə də öz sözlərini deyəcəklər".
N.Abdullayev hazırda komandada nizam-intizamın çox yaxşı səviyyədə olduğunu da vurğulayıb: "Burada yeni baş məşqçi Leonid Loivski amili ilə yanaşı, federasiya rəhbərliyinin sərt tələbləri də öz sözünü deyir. Nizam-intizama nəzarət edən xüsusi şəxs var. Əvvəlkinə nəzərən bu sahədə vəziyyət qat-qat yüksəkdir".

Qeyd edək ki, Elvin Məmişzadə 2015-ci il dünya çempionatında və I Avropa Oyunlarında 52 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, iki dəfə Avropa çempionatının gümüş və bürünc mükafatçısı da olub. Lorentso Sotomayor isə "Bakı 2015"də 64 kq çəkidə qızıl, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.
 

Aktual.az

Xəbər 569 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR