Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Turizm haqqında" qanun layihəsinin ilkin müzakirəsi təşkil olunub.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, layihə barədə danışan komitə sədri Hadi Rəcəbli bildirib ki, belə bir qanun ilk dəfə 1999-cu ildə qəbul edilib. Komitə sədri bildirib ki, qanunun qəbulundan artıq 17 il keçib:
"Əvvəlki qanun bu günün tələblərinə cavab vermir. Ona görə də qanunun yenidən işlənib hazırlanmasına ciddi ehtiyac var idi. Bütün bunları nəzərə alaraq, layihənin hazırlanması ilə əlaqədar işçi qrupu yaradılıb. Eyni zamanda, Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları da İşçi qrupunda fəal iştirak ediblər. Artıq ilkin müzakirələrlə bağlı çoxlu materiallar toplanılıb".
Komidə sədri qeyd edib ki, bu gün ölkədə daxili turizmlə bağlı böyük işlər görülüb: "Türkiyə Rusiya bazarından geri çəkildikdən sonra boşluqlar yaranıb. Bu boşluqları doldurmaq üçün nazirlik tərəfindən mühüm işlər görülür. Oradakı turistlərin 10 faizini Azərbaycana cəlb edə bilsək, nəyəsə nail ola bilərik".
H. Rəcəbli xatırladıb ki, 2001-ci ildə Azərbaycanda 80-dən çox mehmanxana olduğu halda, indi onların sayı 400-ü keçib:
"Bu gün ölkədə turizm üçün 223 muzey, 29 teatr, 6300 tarixi abidə, 27 qoruq var. Azərbaycanın turizm potensialı haqqında günlərlə danışmaq olar. Lakin bu sahədə müəyyən çatışmazlıqlar da var. Ölkədə yolların tikilməsinə baxmayaraq, bəzi bölgələrə hələ də yol çəkilməyib. Ekoloji yerlərimizin də sayı çoxdur. Lakin onun təşkilatı məsələləri hələ də həllini tapmayıb. Görüləsi işlərimiz görülənlərdən qat-qat çoxdur. Yeni hazırlanan layihəni təkmilləşdirərkən əvvəlki qanunla müqayisədə 30-a yaxın müddəa azaldılıb. Əsas məqsəd layihənin gündəmə gəlməsi və parlamentin yaz sessiyası dövründə müzakirəyə çxıarılmasıdır"- deyə komitə sədri fikirlərinə əlavə edib.