"Dünya Azərbaycanlı İş Adamlarının Forumuna təxminən 30 ölkədən - Rusiya Federasiyası, Türkiyə, ABŞ, Almaniya və digər ölkələrdən 160 nəfərdən çox iş adamının iştirakı, ölkə daxilində fəaliyyət göstərən sahibkarların dəvət olunması nəzərdə tutulub".
Aktual.az bildirir ki, bu barədə azvision.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən deyilib. Qeyd edilib ki, iş adamlarının siyahısı Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə məsləhətləşmələr əsasında hazırlanır və iri sahibkarlıqla məşğul olan hər bir soydaşımızın Forumda iştirakının təmin olunması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi ilə birgə reallaşıdırılan Forumda ümumilikdə 300 nəfərdən çox qonağı iştirakı gözlənilir. Forumun məqsədi müxtəlif ölkələrdə fəaliyyət göstərən azərbaycanlı iş adamlarını ölkəmizə sərmayə qoymağa cəlb etmək və Dünya Azərbaycanlı İş Adamları Birliyini yaratmaqdır. Tədbir çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlar üçün biznes-forum təşkil ediləcək. Bundan başqa, İqtisadiyyat Nazirliyinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoymasna stimul verən amillər, əlavə imkanlar, əlverişli investisiya sahələrinə dair xüsusi təqdimatı olacaq. Eyni zamanda, tədbirə dəvət olunmuş azərbaycanlı iş adamlarının müxtəlif dövlət və hökumət nümayəndələri ilə görüşlərin təşkili də planlaşdırılır. Görüşlər və müzakirələr zamanı iş adamlarının səsləndirdiyi təkliflər, onların arzuları dinləniləcək, qeyd olunacaq və daha sonra müvafiq qurumlar tərəfindən müzakirə edilərək tədbirlər görüləcək.