15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının 2020-ci il yanvarın 1-dən tətbiq ediləcəyini nəzərə alaraq, 15 yaşı tamam olmamış vətəndaşlara da 2017-ci il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək olan müddətdə şəxsiyyət vəsiqəsi veriləcək.
Bu, Azərbaycan prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də dəyişiklik edilməsi barədə” fərmanında əksini tapıb.
15 yaşı tamam olmamış vətəndaşa şəxsiyyət vəsiqəsinin verilməsi və ya dəyişdirilməsi onun valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin müraciəti ilə şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket, vətəndaşın doğum haqqında şəhadətnaməsi, yaxud fərdi identifikasiya kartı, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa), vətəndaşın qan qrupu, dövlət rüsumunun ödənilməsi barədə sənəd, ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi haqqında ərizə-anket əsasında həyata keçirilir. 15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsində onun fotoşəkli yerləşdirilir, lakin şəxsi imzası göstərilmir.
15 yaşı tamam olmamış vətəndaşa verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, vətəndaşın ərinin (arvadının) soyadı və adı (nikaha daxil olarkən soyadını dəyişdiribsə, nikahdan əvvəlki soyadı da göstərilir), vətəndaşın uşaqlarının soyadı və adı, hərbi vəzifəsi, vətəndaşın gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları daxil edilmir. Bu Əsasnamədə vəsiqə sahibinin üzərinə qoyulmuş vəzifələri 15 yaşı tamam olmamış vətəndaşa aid hissədə onun qanuni nümayəndəsi həyata keçirir. 5 yaşadək olan vətəndaşa verilən şəxsiyyət vəsiqəsi vətəndaşın 5 yaşı tamam olanadək, 5 yaşı tamam olmuş vətəndaşa verilən şəxsiyyət vəsiqəsi isə vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.