14 il cəza aldı - 50 manat borca görə - FOTO

14 il cəza aldı - 50 manat borca görə - FOTO

Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt ş. sakini Pərviz Niyazovun (1989-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Aktual.az xəbər verir ki, ötən il iyulun 2-i axşam saat 23 radələrində Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsində Pərviz Niyazov şəxsi münasibətlərin aydınlaşdırılması zəmnində şəhər sakini Mikayıl Siracova (1988-ci il təv.) bıçaqla xəsarət yetirib və hadisə yerindən uzaqlaşıb. Xəstəxanaya aparılarkən yaralı intensiv qanitirmədən vəfat edib. Hadisə yerinə cəlb olunan istintaq-əməliyyat qrupu müvafiq müayinə aparmaqla maddi sübutlar aşkar edib, şübhəli şəxs yaşadığı evdə saxlanılıb. Faktla əlaqədar Sumqayıt ş. prokurorluğunda cinayət işi başlanıb.

Təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyinə görə, M.Siracovun ölümünə ürək nahiyyəsini zədələyən xəsarət fonunda inkişaf etmiş kəskin qanitirmə səbəb olub.

İstintaqla müəyyən edilib ki, həmin axşam Niyazovla Siracov arasında sözlə mübahisə yaranıb, buna Pərvizin söz verdiyi vaxtda Mikayıl borclu olduğu 50 manat pulu qaytarmaması səbəb olub. Təqsirləndirilən şəxs məhəllədə, skamyada oturduğu vaxt qonşusu ona yaxınlaşıb borcu ilə maraqlanıb, cavab olaraq Pərviz hazırda pulu olmadığını, amma bu günlərdə mütləq pulu olacağanı və həmin məbləği mütləq qaytaracağını deyib. Amma Siracov pulu bu gün qaytarmalı olduğunu söyləyib, ünvanına ağır söyüş işlədib və sabaha qədər vaxt verib. Özünü təhqir olunmuş hesab edən Pərviz danışığına fikir verməyi məsləhət görüb və həmin söyüşü özünə qaytarıb, ardınca onlar mübahisələrini davam etmək üçün elektrik stansiyasının yanına yollanıblar. Əlbəyaxa dava zamanı Mikayıl Pərvizin maykasını cırıb, hay-küylərinə qardaşı İsmayıl və anası Firuzə qaça-qaça gələrək, onları ayırıblar. Pərvizi həyətə gətirsələr də, onların ardınca gələn Mikayıl məhəllədə yenə də ünvanına söyüşlər işlədib və əl-qol atmaqda davam edib, qarşıdurmada o təpiklə Pərvizin anasını vurub. Bunu görən Niyazov evə qaçıb və mətbəx bıçağını götürərək geri qayıdıb, o Siracova yaxınlaşıb onun döş qəfəsinə zərbə endirib. 

Məhkəmə prosesində Pərviz Niyazov ittiham üzrə özünü qismən təqsirli hesab edərək, qonşusunu öldürmək niyyətində olmadığını qeyd edib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
 







Xəbər 715 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR