120 min miqrantın taleyi həll olundu

120 min miqrantın taleyi həll olundu
  • DÜNYA

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker qitədə miqrant böhranını həll etmək üçün yeni planı açıqlayıb.

Aktual.az xəbər verir ki, o, Avropa ölkələrində təcili olaraq əlavə 120 min miqrantı məskunlaşdırmağı təklif edib. Yunker bu bölüşdürmənin kvota vasitəsilə aparılacağını bildirib.

Avrokomissiyanın rəhbəri miqrantların çox az bir hissəsinin Avropada məskunlaşdığını etiraf edib. Əvəzində isə bir neçə milyon miqrantı qəbul etdiyinə görə Türkiyə, Livan və İordaniya kimi ölkələrə minnətdarlıq bildirib.

Bundan başqa, Avrokomissiyanın rəhbəri gələcəkdə baş verəcək böhran ehtimallarına qarşı 1,8 milyard avro həcmində yeni fondun yaradılacağını da elan edib.

Bununla belə, Macarıstan, Çexiya, Polşa, Slovakiya və Rumıniya kvota sistemindən narazı olduğunu artıq bir neçə dəfə bildirib. Yunker isə miqrantları qəbul etməkdən imtina edən ölkələrə qarşı iqtisadi sanksiyaların tətbiq edilə biləcəyini bildirib.

Kvota sisteminə əsasən, hazırda İtaliya, Yunanıstan və Macarıstanda olan miqrantların 60 faizi Almaniya, Fransa və İspaniya arasında bölüşdürülməlidir. Hələlik hər bir ölkənin öz ərazisində nə qədər miqrantı məskunlaşdıracağı dəqiq bilinməsə də, onların sayı ÜDM, əhalinin sayı, işsizlik səviyyəsi və sığınacaq üçün edilən müraciətlərə baxış sayından asılı olacaq.

Son vaxtlar Avropa görünməmiş miqrant axını ilə üz-üzə qalıb. Onların əksəriyyəti Yaxın Şərq, Afrika və Asiyadakı münaqişə ocaqlarından qaçanlardır. Təkcə bazar ertəsi günü Makedoniyaya 7 min, Yunanıstan adalarına isə 30 min miqrant gəlib. Yunanıstanın rəsmisi Lesbos adasına 20 min miqrantın gəldiyini, buna görə də adanın "partlamaq həddinə" çatdığını demişdi.

BMT-nin son proqnozuna əsasən, bu ilin sonunadək dəniz yolu ilə Avropaya daha 400 min, 2016-cı il ərzində isə əlavə 450 min miqrant gələcək.

Xəbər 505 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR