Rusiyada noyabrın 1-i matəm günü elan olunub.
Aktual.az-ın Report-a istinadən verdiyi məlumata görə, bununla bağlı Rusiya prezidenti Vladimir Putin fərman imzalayıb.
Qeyd edək ki, Misirin Şarm əl-Şeyx şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə hərəkət edən "Metrojet" (keçmiş adı "Koqalımavia") aviaşirkətinə məxsus "Airbus A-321" sərnişin təyyarəsi Sinay yarımadasının şimal-şərqində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 7-si ekipaj üzvü olmaqla, 224 nəfər olub, onlardan 17-si uşaqdır. Təyyarədə olanların hamısı Rusiya vətəndaşlarıdır. Onlardan 63 nəfəri kişi, 138-i qadındır. Radarlardan itən vaxt 1.8 km sürətlə enməkdə olan təyyarənin mühərrikində texniki bir nasazlıq olduğu ehtimal edilir.
Məlumatlara görə, qəza yerində həlak olanlardan yüz nəfərin cəsədi artıq çıxarılıb. Onlardan 17-si 2 yaşından 17 yaşınadək olan uşaqlardır.
Artıq təyyarənin "qara qutu"larından biri tapılıb. Təyyarədə olanların hamısının həlak olduğu bildirilir.